“İNSAN İZ QOYUR” KİTABI ZƏNGİN İRSİMİZƏ HƏSR OLUNMUŞ DƏYƏRLİ VƏSAİTDİR
Kitabı vərəqlədikcə sanki R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyinin salonlarını gəzirsən. Məsələ burasındadır ki, pedaqoq və şair Solmaz xanım kitabına həmin muzeydə qorunan rəssamlıq əsərlərindən illüstrasiyaları və onların süjetinə uyğun yazdığı şeir, nağıl və pyeslərini daxil etmişdir. Beləliklə, incəsənət muzeyi dünyada yeganə muzeydir ki, eksponatları şeir, nağıl, poema və pyeslərdə vəsf olunmuşdur.
Kitab “Azərbaycan-İRS” jurnalının baş redaktoru Mehriban xanım Əliyevanın “Azərbaycanın qızıl irsi” məqaləsi və Azərbaycan Respublikasının dövlət himni ilə açılır. İlk səhifələrdə Nikas Safronovun “Əliyev Heydər Əlirza oğlu” və Oqtay Sadıqzadənin “Əliyeva Zərifə xanım” portretlərinin reproduksiyaları verilmişdir. Portretləri müəllifin Zərifə xanıma həsr olunmuş “İnsanlara işıq bəxş edən” şeiri, Prezident İlham Əliyevin andiçmə mərasimində çəkilmiş fotoşəklini isə “And” şeiri müşayiət edir.
Yaradıcılıqlarına orijinal münasibət əsərləri burada saxlanılan sənətkarların özləri üçün də gözlənilməz olmuşdur. Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov kitaba rəyində yazır: “Güman etməzdim ki, yaradıcılığıma belə özünəməxsus və maraqlı şeirlər həsr olunar. Bir rəssam kimi bu, məni çox sevindirdi. Solmaz xanım mənim şəkillərimdə demək istədiklərimi çox dəqiq tutmuşdur”.
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab-bədii albomun çapı Azərbaycan Respublikası Təhsil Nazirliyi elmi-metodiki şurasının məktəbəqədər tərbiyə və ibtidai bölməsi tərəfindən tövsiyə edilmişdir. Bununla belə o, təkcə müəllim və tərbiyəçilər üçün deyil, həm də xalqımızın qiymətli irsini öyrənmək istəyən hər kəs üçün faydalı vəsaitdir.
Redaktoru professor Yəhya Kərimov olan bu kitabdakı əsərləri rus dilinə Sevinc Nuruqızı çevirmişdir.