İQTİSADİYYAT
İNSAN SAĞLAMLIĞI ÜÇÜN TƏHLÜKƏLİ ƏT KONSERVLƏRİ SATIŞDAN ÇIXARILIR
Bakı, 2 iyun (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Rusiya Federasiyasının “Oryol Produkt” QSC-nin Oryol vilayəti, Mtsensk şəhəri, Promışlennaya küçəsi, ev 2A ünvanında yerləşən istehsalat sahəsində istehsal olunmuş “Qlavprodukt” nişanlı 525 qramlıq “Tuşenaya Qovyadina” adlı mal əti konservlərinin tərkibində toksiki elementlərin normadan artıq olduğu aşkar edilmişdir. Bununla əlaqədar idxalçı şirkətlərə bu malların satışdan çıxarılması ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
Hazırda insan sağlamlığı üçün təhlükəli ət konservlərinin satışdan çıxarılması ilə bağlı tədbirlər davam etdirilir. İndiyədək 1500 kiloqramdan artıq bu cür ət konservləri satışdan çıxarılmışdır.
Dövlət Xidmətinin bu tədbirlər çərçivəsində pərakəndə ticarət obyektlərindən götürdüyü müxtəlif çəkili (325 və 425 qramlıq) “Qlavprodukt” nişanlı “Tuşenaya Qovyadina” adlı mal əti konservlərinin və donuz ciyərindən hazırlanmış 90 qramlıq paştetin tərkibində də toksiki elementlərin normadan artıq olduğu müəyyən edilmişdir. Hazırda həmin malların məhv edilməsi ilə əlaqədar tədbirlər görülür.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Oryol Produkt” QSC-nin istehsal etdiyi və insan sağlamlığı üçün təhlükə törədə biləcək “Qlavprodukt” nişanlı “Tuşenaya Qovyadina” adlı mal əti konservlərini və donuz ciyərindən hazırlanmış paştetləri almamağı tövsiyə edir.