“İNSAR” ŞİRKƏTİ AZƏRBAYCANLA RUSİYA ARASINDA TURİZM ƏLAQƏLƏRİNİ İNKİŞAF ETDİRƏCƏK
“İnsar”ın baş direktoru Azər Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, bu şirkət turizm biznesində 10 ilə yaxındır işləyən iri “Yelisey” və “Mars-trəbl” şirkətlərinin bazasında açılmış sırf turizm qurumudur. Şirkətin əsas məqsədi Rusiya turistlərini Azərbaycana cəlb etməkdir, çünki ölkə rəhbərliyinin turizm sahəsinə xüsusi diqqəti və Gənclər, İdman və Turizm Nazirliyinin respublikada turizm obyektlərinin inkişafı sahəsində səmərəli fəaliyyəti sayəsində turist mübadiləsi üçün geniş imkanlar yaradılır. İndi biz Azərbaycan istiqaməti üzrə proqram hazırlayırıq və respublikanın turizm obyektləri ilə bir sıra müqavilələr bağlamağı planlaşdırırıq. Bu obyektlərin siyahısını Gənclər, İdman və Turizm Nazirliyi təqdim edəcəkdir. Azərbaycanın öz nadir palçıq vannaları və müalicə suları ilə məşhur olan müalicə sanatoriyalarına xüsusi diqqət yetiriləcəkdir.
A.Məmmədov demişdir ki, “İnsar” şirkəti yaxın vaxtlarda Bakıda öz ofisini açmaq niyyətindədir. Azərbaycandan gələn turistləri qarşılanmaqdan və hava limanına yola salmaqdan tutmuş Rusiyanın mehmanxanalarında yerləşdirməyə, nəqliyyatla təmin olmağa qədər geniş xidmətlər göstəriləcəkdir. Respublikamızın bir çox sakinlərinin Rusiya paytaxtına müalicəyə gəlməsi faktını nəzərə alaraq, Bakı ofisi bu və ya digər müalicə ocağının yaxınlığında yerləşən mehmanxanalar və bir sıra digər xidmətlər barədə məlumat verəcəkdir. Bakı ofisi Moskvaya qısa müddətə işgüzar ezamiyyətə və səfərə gedən adamlara da öz xidmətlərini təklif edəcəkdir.
Şirkətin “insartur.ru” İnternet saytı açılmışdır. Burada hər cür lazımi informasiya verilir. İnformasiyalar hər gün təzələnir.
“İnsar” şirkəti Bakıda cari ilin sentyabrında açılacaq Beynəlxalq turizm sərgisində iştirak etmək niyyətindədir. Bu sərgidə o, Rusiyanın 10-dan çox turizm şirkətini və mehmanxana kompleksini təmsil etməyi planlaşdırır. Elə oradaca Rusiyanın və şirkətin əlaqə saxladığı bir sıra digər ölkələrin müxtəlif guşələrinə turist yollayışları da veriləcəkdir.