“İPOTEKA ƏMANƏTİ” YENİ MƏNZİLƏ DOĞRU İLK ADDIMDIR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “İpoteka əmanəti” mənzil almaq məqsədi ilə ilkin ödənişə vəsait toplanması üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, o, gələcəkdə bankdan ipoteka krediti almaq üçün üstünlüklər verir. Mənzil almaq üçün kredit götürüb-götürməyəcəyindən asılı olmayaraq, istənilən adam “İpoteka əmanətçisi” ola bilər.
Bununla belə, “İpoteka əmanəti” təkcə tam ilkin ödəniş məbləği olmayanlar üçün deyil, həm də ödənişə pulu çatan, lakin kreditin alınması ilə əlaqədar əlavə xərclər üçün ehtiyatda müəyyən məbləğ saxlamaq istəyənlərdən ötrü də faydalı ola bilər.
Hesaba ilkin ödəniş 200 manat, 200 ABŞ dolları, yaxud 200 avrodur. Bu, mənzil almağı planlaşdıranlar üçün kifayət qədər əlçatan məbləğdir. Həmin əmanətin fərqli cəhəti bundadır ki, müştəri öz əmanətinin faiz dərəcəsini illik 10 –12 faiz həddində özü müəyyənləşdirir, bu isə gələcəkdə ipoteka kreditinin faiz dərəcəsi olacaqdır. Bundan əlavə, ipoteka əmanətçisi kredit sifarişlərinə növbədənkənar baxılması hüququ alacaq, habelə bankın komisyon rüsumlarından azad ediləcəkdir ki, bu da müştəriyə aldığı kreditin xərclərinə xeyli qənaət etməyə kömək göstərəcəkdir.
Əmanətin şərtləri müştəriyə onu məhdudiyyətsiz artırmaq imkanı verir, habelə faizlərin rüblük kapitallaşdırılmasını, yəni əlavə faizlərin depozitin əsas məbləğinin üstünə gəlməsini nəzərdə tutur. “İpoteka əmanəti”ni müqavilənin müddətini sonradan uzatmaq yolu ilə 12 ay müddətinə açmaq olar. Adətən, müştəri bankdan vəsaiti vaxtından əvvəl götürdükdə bank əlavə faizləri ödəmir. XalqBankın ipoteka əmanəti isə müştəriyə əlavə faizləri saxlamaq imkanı verir, bir şərtlə ki, həmin vəsait bankın ipoteka kreditindən istifadə yolu ilə mənzil alınmasına xərclənsin.