İQLİM DƏYİŞİKLİYİNİN NƏTİCƏLƏRİNDƏN HİNDİSTAN, PAKİSTAN VƏ ƏFQANISTAN DAHA ÇOX ƏZİYYƏT ÇƏKƏCƏK
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BMT-nin humanitar məsələlərinin əlaqələndirilməsinə dair idarəsi iqlim dəyişikliyinin mənfi təsirindən daha çox əziyyət çəkəcək ölkələrin adlarını elan etmişdir. Siyahıda ilk 3 yeri Hindistan, Pakistan və Əfqanıstan tutur.
BMT ekspertləri qeyri-hökumət təşkilatlarından olan tərəfdaşları ilə birlikdə iqlim dəyişikliyinin humanitar nəticələrini modelləşdirmişlər. Onlar daşqınların, qasırğaların və quraqlıqların səbəb ola biləcəyi itkilərin miqyasını müəyyən etmişlər.
Tədqiqatın nəticələrinə görə, Afrika ölkələri və Seyşel adaları, habelə Cənub-Şərqi Asiya dövlətləri iqlim dəyişiklikləri nəticəcəsində yaranan siyasi, sosial, demoqrafik, iqtisadi dəyişikliklərə artıq indidən məruz qalırlar. Bir qədər əvvəl YUNEP məlumat vermişdir ki, Avropa qitəsində Cənubi Avropa qlobal iqlim dəyişikliklərinə daha çox məruz qalacaqdır. Planetin bu hissəsinin onsuz da isti və quru iqlimi daha da istiləşəcək ki, bu da quraqlığa və içməli su hövzələrinin bir çoxunun qurumasına səbəb olacaqdır. Bu dəyişikliklər fermerlər və meşəçilər üçün əsl sınağa çevriləcəkdir.
Şimali Avropada isti qış yağıntının səviyyəsinin artması ilə müşayiət olunacaqdır. Regionun şimalında iqlimin istiləşməsi müsbət nəticələr də verəcək, məsələn, meşə massivləri genişlənəcək, məhsul bol olacaqdır. Eyni zamanda, daşqınlar, sahil rayonların dağılması, bəzi heyvan və bitki növlərinin kökünün kəsilməsi, buzlaqların əriməsi baş verəcəkdir. YUNEP-in ekspertləri xəbərdarlıq edirlər ki, Avropada daşqın təhlükəsi və dənizin səviyyəsinin qalxması hər il 2,5 milyon insana ziyan vuracaqdır. Yüzilliyin sonunadək Avropanın bitki və heyvanat aləminin bir çox nümunələri məhv olmaq təhlükəsi ilə üzləşəcəkdir.