ELM VƏ TƏHSİL
İqtisadçı alim Ağasəlim Ələsgərovun 95 illiyinə həsr edilən elmi seminar
![](/files/galleryphoto/2023/2/1200x630/16848296794893516591_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16848296791445548156_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Ağasəlim Ələsgərovun 95 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun baş direktoru, iqtisadiyyat elmləri doktoru professor Nazim Müzəffərli, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, professor İsa Alıyev və digərləri Ağasəlim Ələsgərovun elmi-pedaqoji və iqtisadçı alim kimi fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edilib ki, A.Ələsgərov 1989-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. Onun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanıb. Alim 2015-ci il martın 31-də vəfat edib.
Seminarda institutun Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin müdiri, professor Fuad Qənbərov “Azərbaycanın xarici ticarət əlaqələri: müasir trendlər və imkanlar” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Azərbaycanın xarici ticarət dövriyyəsi, ixracın strukturu, ixracın artırılması üçün hökumət tərəfindən həyata keçirilən tədbirlər və təşviq mexanizmləri, qeyr-neft ümumi daxili məhsul və ixrac, qeyri-neft ixracının əsas göstəriciləri, ixracın rəqabətqabiliyyətliliyi və diversifikasiyası, idxal və onun strukturu, xarici ticarətdə əsas inkişaf meyilləri və problemlər barədə danışıb, real vəziyyəti təhlil etməklə öz təkliflərini səsləndirib.
Sonra suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.