İQTİSADİ İNKİŞAF NAZİRİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Nazir bildirmişdir ki, son vaxtlar Azərbaycanda, eləcə də, ölkəmizin iştirakı ilə xaricdə keçirilən iqtisadi tədbirlərin sayı, ümumiyyətlə respublikamıza maraq artmışdır. Bütün bunlar barədə ictimaiyyəti məlumatlandırmaq üçün KİV nümayəndələri ilə görüşlərin intensivləşdirilməsinə ehtiyac vardır. Ona görə də, bundan sonra belə görüşləri müntəzəm keçirəcəyik.
Heydər Babayev KİV təmsilçilərinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), İslam İnkişaf Bankının (İİB) illik toplantılarında Azərbaycan nümayəndə heyətinin iştirakı, “Rusal” şirkəti ilə aparılan danışıqların məzmunu, ABŞ şirkətlərinin Azərbaycana marağı, manatın bahalaşması, büdcə xərcləri, sənaye şəhərciyi, azad iqtisadi bölgə, “Bakıelektrikşəbəkə” SC-ni idarə etmək hüququna dair İqtisadi İnkişaf nazirliyi ilə “Barmek Holdinq A.Ş.” şirkəti arasında imzalanmış müqavilə üzrə şirkətin və “Barmek AES” MMC-nin öhdəliklərinin yerinə yetirilməsi səviyyəsi, şəhər nəqliyyatında gedişhaqqı, lisenziyalaşdırma, sahibkarlığa kömək, rəqabət, investisiya şirkətinin yaradılması və sair barədə suallarına ətraflı cavab vermişdir.
O qeyd etmişdir ki, AYİB illik yığıncağında yeni strategiyasını açıqlamışdır. Bu strategiyanın mahiyyəti ondan ibarətdir ki, qurum öz fəaliyyətini Şərqə və Cənub-Şərqə doğru genişləndirir. İslam İnkişaf Bankı rəhbərliyinin Azərbaycana münasibəti çox səmimidir və bu nüfuzlu maliyyə qurumu ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Yeri gəlmişkən, bu il noyabrın 8-də Bakıda İİB-in dəstəyi ilə biznes forumu keçiriləcəkdir. “Rusal” şirkəti ilə danışıqlarda isə “Azəralüminium” mövzusuna toxunulmamışdır. Bu gün başlıca müzakirə mövzusu şirkətin enerji ilə təchiz olunmasıdır. Çünki “Rusal” respublikanın hansı bölgəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, külli miqdarda enerji sərf edəcəkdir. Ona görə də enerji mənbəyi axtarışına təbii baxırıq. Ancaq “Azəralüminium” müəssisəsi ilə bağlı ictimaiyyətin narahatlığına əsas yoxdur.
Nazir qeyd etmişdir ki, büdcə xərclərinə gəldikdə isə, Prezidentimizin siyasəti ümumiyyətlə sosialyönümlü siyasətdir. Hökumətin vəzifəsi bu siyasəti reallaşdırmaqdır. O, “Barmek”in fəaliyyəti ilə bağlı yaradılmış Təftiş Komissiyası ilə əlaqədar bildirmişdir ki, komissiya indiyədək şirkətə 40-a yaxın sual ünvanlamış, lakin onların cəmi 4-nə cavab almışdır.
Heydər Babayev manatın qiymətinin artmasının inflyasiyaya səbəb olmayacağına inandığını vurğulamış və əmin olduğunu bildirmişdir ki, bu il də inflyasiyanın səviyyəsi bir rəqəmlə ifadə olunacaqdır. Sənaye şəhərciyi ilə bağlı isə ərazi problemi həll edilmişdir və yaxın vaxtlarda bu şəhərin layihəsinin təqdimatı keçiriləcəkdir.
Jurnalistlərin suallarına nazir müavini Mikayıl Cabbarov da cavab vermişdir.