İQTİSADİ İNKİŞAF NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti “Neftçala Balıq Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası investisiya qoyuluşuna dair təkliflərin verilməsi idi.
2002-ci il 12 mart tarixində investisiya müsabiqəsinə yekun vurulmuş, Müsabiqə Komissiyasının qərarına əsasən, “AZF Co.LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti “Neftçala Balıq Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, “AZF Co.LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 iş günü müddətində 830 milyon manat məbləğində pul vəsaitini dövlət büdcəsinə köçürməli, 45.000 ədəd dövlət özəlləşdirmə çeki təqdim etməli, təqdim olunmuş investisiya proqramında qeyd olunan işlərin həyata keçirilməsi üçün 150 milyon manat məbləğində pul vəsaitini “Neftçala Balıq Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin hesablaşma hesabına köçürməlidir.
Müsabiqənin qalibi alqı-satqı müqaviləsi ilə müəyyən ediləcək digər şərtləri və təqdim etdiyi investisiya proqramında nəzərdə tutulmuş 3 milyard manat məbləğində investisiyanın bir il ərzində iki mərhələdə qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir. Birinci mərhələdə ilk növbədə müəssisənin kürü və balıq unu istehsalı sexlərinin yeni texnoloji avadanlıqla təmin oluması və gəmilərin təmiri (və ya yeniləri ilə əvəz edilməsi) nəzərdə tutulur. Bundan əlavə təmir-tikinti və bərpa işlərinin də həyata keçirilməsi planlaşdırılır.
İkinci mərhələdə isə müəssisənin tikintisi yarımçıq qalmış sexlərinin inşaasının başa çatdırılması, konserv, duzlu balıq, hisə verilmiş balıq və soyuducu sexlərinin bərpası, həmçinin, konserv qutularını ştamplayan dəzgahın alınması və quraşdırılması, eləcə də yeni texnologiyaların tətbiqi nəzərdə tutulur.
Bu işlər “Neftçala Balıq Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bərpasını və inkişafını, istehsal olunacaq məhsulların keyfiyyətini beynəlxalq standartlara çatdırılmasını təmin edəcəkdir.
Qeyd olunanlardan başqa, “AZF Co.LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti əmək kollektivi üzvlərinin əmək haqqlarının artırılmasını, işçilərin gündə bir dəfə pulsuz yeməklə təmin edilməsini, habelə asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlıqlarının qorunması ilə bağlı tədbirləri (pulsuz tibb məntəqəsinin təşkili, sanatoriya və kurortlara putyovkalar, ölkənin mənzərəli istirahət guşələrinə səyahət və s.) həyata keçirməyi də nəzərdə tutur.