İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ “DÜNYA ENERJİSİ - 2008” HESABATININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 3-də nazir Heydər Babayev bp şirkətinin iqtisadiyyat qrupunun MDB üzrə baş iqtisadçısı Vladimir Drebentsov ilə görüşmüşdür.
Görüşdə şirkət tərəfindən hazırlanmış “Dünya enerjisi - 2008” hesabatı dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.
Nazir Heydər Babayev qeyd etmişdir ki, bir sıra beynəlxalq layihələrin fəal iştirakçısı olan Azərbaycan daxili tələbatını ödəməklə yanaşı, həm də neft-qaz ehtiyatlarını dünyanın bir sıra ölkələrinə ixrac edir. Ölkəmizdə neft sektoru ilə bərabər qeyri-neft sektoru da uğurla inkişaf etdirilir. Neftdən əldə olunan gəlirlər ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına və insan resurslarının inkişafına yönəldilir. Dünya iqtisadiyyatı, xüsusilə də enerji sahəsi sürətlə inkişaf etdiyindən proqnozlar və hesabatlar ölkələrin gələcək fəaliyyət planlarının hazırlanmasında əhəmiyyətlidir. Bu baxımdan bp şirkətinin enerji sektorunda apardığı təhlillər təqdirəlayiqdir. Proqnozlaşdırmanın iqtisadiyyatdakı rolunun vacibliyi nəzərə alınaraq nazirlikdə yeni şöbə yaradılmışdır. Proqnozlaşdırma sahəsində müxtəlif beynəlxalq təşkilatlarla, həmçinin bp şirkəti ilə əməkdaşlıq tərəflər üçün də faydalıdır.
Vladimir Drebentsov Azərbaycan iqtisadiyyatının sürətlə və dinamik inkişafını yüksək qiymətləndirmiş, təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. V.Drebentsov şirkət tərəfindən hazırlanmış “Dünya enerjisi - 2008” statistik bülleteni barədə məlumat vermişdir. Bildirilmişdir ki, şirkət 57 ildir müntəzəm olaraq dünyada enerji ehtiyatları ilə bağlı statistik təhlillər aparır. Nəşr dünya enerji bazarı ilə əlaqədar araşdırmalar əsasında əldə olunan göstəriciləri də özündə əks etdirir. Nəşrdən hökumətlər, enerji şirkətləri, elm adamları və media nümayəndələri mənbə kimi istifadə edirlər.
bp-nin təmsilçisi bülletendə əksini tapmış bir sıra göstəricilərə də toxunmuşdur. Qeyd etmişdir ki, statistik rəqəmlərə əsasən, dünyanın təsdiqlənmiş neft ehtiyatları 2007-ci ilin sonunda 1 trilyon 237,9 milyard barrel olmuşdur. Təsdiqlənmiş neft ehtiyatlarının 61 faizi Orta Şərq regionunun, 11,6 faizi isə Avrasiya bölgəsinin payına düşür. 2007-ci ildə, keçmiş Sovet İttifaqı ölkələri istisna olmaqla, ölkələrin neft hasilatı azalmışdır. Neft məhsulları istehlakının artdığı bir zamanda alternativ enerji mənbələrindən istifadə edilməsinə diqqət yetirilməlidir.
V.Drebentsov zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın “Dünya enerjisi - 2008” hesabatındakı mövqeyi barədə də fikirlərini bildirmişdir.
Görüşün sonunda bp şirkəti tərəfindən hazırlanmış “Dünya enerjisi - 2008” hesabatı təqdim edilmiş, tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.