İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ GÖRÜŞ
Heydər Babayev Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, uğurla davam etdirilən iqtisadi islahatlar və əldə olunmuş nailiyyətlər, ölkəmizin iqtisadi inkişaf perspektivləri barədə məlumat vermişdir. O, Azərbaycanın regional layihələrdə, o cümlədən TRASEKA – Böyük İpək yolunun bərpası, Şimal-Cənub nəqliyyat dəhlizi layihələrində aparıcı mövqeyə malık olması, eləcə də dinamik inkişaf sürəti, mövcud sənaye-infrastruktur potensialı haqqında da söz açmışdır.
Heydər Babayev beynəlxalq əlaqələrimizin müvəffəqiyyətlə inkişaf etdiyini və ölkəmizdə qonşu İranla iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verildiyini xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, təkcə 2006-cı ilin birinci rübündə Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 84,6 milyon ABŞ dollarına bərabər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 89,7 faiz çoxdur. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası və İİR hökumətləri arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiya yaradılmış, indiyədək komissiyanın 6 iclası keçirilmişdir. Hazırda komissiyanın növbəti islasının keçirilməsi ilə bağlı danışıqlar aparılır. Nazir iranlı iş adamlarının da Azərbaycana böyük maraq göstərdiyini, İİR tərəfindən 1993-2005-ci illərdə ölkəmizin iqtisadiyyatına 356 milyon dollar məbləğində sərmayə yatırıldığını, bununla belə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu bildirmişdir.
Əlirza Təhmasebi səmimi qəbul üçün minnətdarlıq edərək, ölkəsində Azərbaycan iqtisadiyyatına marağın artdığını vurğulamış, əməkdaşlığın inkişafı istiqamətində bir sıra təkliflərlə çıxış etmişdir. O, ötən il İranda 80 milyon ton sement istehsal olunduğunu bildirərək, Azərbaycanda sement istehsalının təşkili, kənd təsərrüfatı texnikasının (kombayn və traktorlar) istehsalı, eləcə də metallurgiya, elektrik stansiyaları üçün turbinlərin quraşdırılması və sair sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar olduğunu söyləmiş, müştərək İnvestisiya Fondunun yaradılması təklifini irəli sürmüşdür.
Heydər Babayev təklifləri yüksək qiymətləndirdiyini və onlara baxılması üçün nazirlikdə işçi qrupun yaradılacağını bildirmiş, iqtisadiyyatın digər sahələrində də əlaqələrin genişləndirilməsinə hər cür dəstək göstəriləcəyini vurğulamışdır.