İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ İSRAİLLİ QONAQLARLA GÖRÜŞ
Heydər Babayev qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar, qazanılmış uğurlar barədə məlumat vermişdir. O, həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda dinamik iqtisadi inkişafa nail olunduğunu, ötən il bir sıra sahələrdə artım tempinə görə ölkəmizin nəinki MDB məkanında, eləcə də dünya ölkələri arasında öncül yerlərdən birini tutduğunu vurğulamışdır.
Nazir demişdir ki, əlverişli biznes mühitinin yaradılması xarici sərmayədarların Azərbaycana marağını daha da artırmış, ölkəmizə investisiya axını güclənmişdir. 2005-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 5,4 milyard AZN və ya əvvəlki ildəkindən 12,7 faiz çox sərmayə yönəldilmişdir.
Ölkəmizdə beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verildiyini qeyd edən iqtisadi inkişaf naziri demişdir ki, ötən il İsrail ilə ticarət dövriyyəsi 205,8 milyon ABŞ dolları məbləğində olmuş, bu ilin təkcə yanvar-mart aylarında isə 104,3 milyon ABŞ dolları təşkil etmişdir. Bununla belə, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Hazırda ölkələrimiz arasında investisiyaların qorunması və təşviqi haqqında müqavilə üzərində iş aparılır.
Nazir nəqliyyat, kimya, maşınqayırma, inşaat materiallarının istehsalı, kənd təsərrüfatı, yeyinti sənayesi, turizm obyektlərinin tikintisi və yenidən qurulması, istirahət mərkəzlərinin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırdı və İsrail tərəfini həmin sahələrdə reallaşdırılan layihələrdə fəal iştiraka dəvət etdi.
Özəl bölmənin nümayəndələri arasında əməkdaşlığın təşviqi və bu məqsədlə hər iki ölkədə sərgilərin, biznes forumların keçirilməsi də müzakirə mövzusu olmuşdur.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Benyamin Ben-Eliezer Bakıda keçirilən “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2006” XIII Beynəlxalq sərgi və konfransında iştirakını, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsini məmnunluqla vurğulamışdır. Qonaq Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, ölkənin sürətli iqtisadi inkişafının İsraildə maraqla izlənildiyini və İsrail iş adamlarının Azərbaycan iqtisadiyyatına marağının böyük olduğunu, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə hər cür dəstək verəcəyini qeyd etmişdir.
Görüşdə iştirak edən israilli iş adamları şirkətlərinin fəaliyyəti barədə məlumat vermiş, azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Onlar yüksək texnologiyalar, tikinti, elektrik avadanlığı və materialları istehsalı, layihələrin idarə olunması, kommunikasiya, infrastruktur, polad borular istehsalı və s. sahələrdə əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı faydalı olacağını vurğulamışlar.
Görüşdə iqtisadi əməkdaşlığın perspektivləri geniş müzakirə olunmuşdur.