İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
İqtisadi İnkişaf Nazirliyi Lənkəran şəhər icra hakimiyyəti ilə birgə aqrar sahədə mövcud problemlərin araşdırılması, ayrı-ayrı regionlar üzrə aqrar potensialdan səmərəli istifadə edilməsi, sahibkarlığın inkişafı məsələləri ilə bağlı fermerlərin və sahibkarların iştirakı ilə geniş müşavirə keçirmişdir.
Tədbirdə yeni iqtisadi şəraitdə aqrar bölmədə iqtisadi islahatların dərinləşdirilməsi, ərqaz təhlükəsizliyinin təmin edilməsi, sahibkarlığın inkişaf etdirilməsi, istehsal, emal, satış və xidmət müəssisələri arasında iqtisadi əlaqələrin formalaşdırılması, elmi-texniki tərəqqinin və qabaqcıl təcrübənin tətbiqinin genişləndirilməsi, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün yeni iş yerlərinin açılması kimi məsələlər müzakirə edilmişdir.
Müşavirədə rayon iqtisadiyyatının aqrar bölməsində iqtisadi inkişafın mövcud durumu barədə Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini V.Əsədovun məlumatı dinlənilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin baş mütəxəssisi Ş.Əhədov aqrar sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə, nazirliyin şöbə rəisi F.Abbasov isə aqrar bölmədə sahibkarlığın inkişafının dövlət müdafiəsi tədbirləri haqqında ətraflı məlumat vermişlər.
Müşavirədə çıxış edən fermerlər aqrar sahədə mövcud problemlərdən danışmış, onların aradan qaldırılması istiqamətində təkliflərini bildirmişlər.
İqtisadi İnkişaf Nazirliyi Naxçıvan Muxtar Respublikasında, habelə Göyçay, Şəmkir və digər rayonlarda da bu cür tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur.