İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlum olduğu kimi, “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 mart 2001-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Gəncəelektrikşəbəkə”, “Əlibayramlıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi üzrə açıq müsabiqələr elan edilmişdir. Bu layihələr üzrə məsləhətçi xidmətləri göstərən “Arthur Andersen” şirkəti ilə birlikdə müvafiq işlər aparılmış, müsabiqələrdə iştirak etməyə maraq göstərən təşkilatlarla əlaqələr yaradılmış və on bir strateji xarici şirkətə müsabiqə sənədləri göndərilmişdir. İştirakçı şirkətlərin informasiya təminatını həyata keçirmək və onların müsabiqə təkliflərinin hazırlanmasına yardım etmək üçün nazirliyin Dövlət əmlakının özəlləşdirilməsi departamentində məlumat otağı yaradılmış və zəruri materiallarla təchiz olunmuşdur. “Gəncəelektrikşəbəkə”, “Əlibayramlıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətləri üzrə iddiaçıların ərizə və təkliflərinin qəbulu müddəti müvafiq olaraq 12 mart, 13 mart və 14 mart 2002-ci il tarixlərinədək müəyyən edilmişdir. Müsabiqələrdə yerli investorlarla yanaşı, xarici sərmayəçilər də iştirak edə bilərlər.
Bununla yanaşı, “Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2001-ci il tarixli Səcəncamı ilə müəyyən edilmiş 9 kiçik su elektrik stansiyasının səmərəli özəlləşdirilməsini həyata keçirmək üçün nazirliyin Dövlət əmlakının özəlləşdirilməsi departamenti məsləhətçi seçilməsi üzrə açıq tender elan etmişdir. Tenderin keçirilməsini təmin etmək üçün tender komissiyası yaradılmış, tenderin əsas şərtlər toplusu hazırlanmışdır. İddiaçıların təkliflərinin qəbulu müddəti 4 aprel 2002-ci il tarixinədək müəyyən olunmuşdur.
Hazırda Dövlət əmlakının özəlləşdirilməsi departamentində bu müsabiqələrin keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir. Belə ki, müsabiqələrdə iştirak etməyə maraq göstərən şirkətlərə lazımi məlumatların təqdim edilməsi, səhmdar cəmiyyətlərinin fəaliyyəti ilə tanışlıq üçün şəraitin yaradılması, xarici investorların müsabiqədə iştirakının hüquqi rejimi, habelə qanunverici və normativ sənədlərin, investorlar qarşısında qoyulan tələblərin izah edilməsi ilə bağlı tədbirlər həyata keçirilir.