İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Iqtisadi inkişaf nazirliyində şəhər və rayon şöbələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”dən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışdı.
Sonra nazirliyin qurumlarının ötən dövrdə gördüyü işlər barədə departament rəhbərlərinin hesabatı dinlənildi.
Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf naziri F.Seyidov çıxış edərək, Muxtar Respublikada iqtisadi islahatların gedişi barədə məlumat verdi.
Müşavirədə görüləcək işlər, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, problemlərin həlli yolları geniş müzakirə edildi. Nazirliyin Mingəçevir şəhər, Yasamal, Kürdəmir, Ovuz rayonları şöbələrinin rəhbərləri konkret təkliflərlə çıxış etdilər.
Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinin sürətləndirilməsi üçün nazirliyin qurumlarının xüsusilə şəhər və rayon şöbələrinin işinin daha da yaxşılaşdırılması, özəlləşdirmənin və dövlət əmlakının icarəsinin səmərəliyinin artırılması sahibkarlığın inkişafının sürətləndirilməsi və s. məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.
Tədbirdə həmçinin, nazirliyin əlaqədar qurumlarına dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması tədbirlərinin ardıçıl və sistemli şəkildə aparılması, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarətin gücləndirilməsi, büdcə proqnozlarının yerinə yetirilməsi sahələrində də vəzifələr müəyyənləşdirildi.
Həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verən nazir Fərhad Əliyev əhalinin məşğulluq səviyyəsinin artırılması üçün yeni iş yerlərinin açılmasının əsas vəzifələrindən olduğunu vurğuladı.
Nazir müşavirəni yekunlaşdıraraq, görüləcək işlərin icrasının təmin olunması üçün konkret tapşırıqlar verdi.