İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, ÜDM-də özəl bölmənin xüsusi çəkisi ardıcıl olaraq yüksələrək 2001-ci ildə 71 faizə çatmışdır.
Ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilməsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kiçik və orta sahibkarlığın kreditləşdirilməsi xüsusilə əhəmiyyətlidir.
Hazırda fond bu sahədə fəaliyyətini davam etdirir. Fonda müraciət etmiş sahibkarlıq subyektlərinə kreditin verilməsi qaydaları izah edilir, biznes-planların hazırlanmasında kömək göstərilir.
Bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşları respublikanın 26 şəhər və rayonunda yerləşən, kredit almaq məqsədi ilə müraciət etmiş 178 sahibkarlıq subyektinə yerində baxış keçirmişlər. Həmin subyektlərin mövcud maliyyə və istehsal vəziyyəti, kredit təminatının reallığı araşdırılmış və müvafiq tövsiyələr verilmişdir.
Respublikanın şəhər və rayonlarında yerləşən müəssisələr haqqında informasiya bankının yaradılması ilə bağlı işlər davam etdirilir. 30 şəhər və rayon üzrə 198 müəssisə haqqında məlumatlar müvafiq formada ümumiləşdirilmiş, kreditləşmənin tələblərinə cavab verən müəssisələr müəyyənləşdirilmişdir.
Sahibkarlığa Kömək Milli Fondundan alınmış kreditlərin qaytarılması istiqamətində işlər gücləndirilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsində ötən illərdə kredit almış 52 sahibkarlıq subyektindən fondun hesabına 110 milyon manat vəsait ödənilmişdir ki, bunun 91 milyon manatını əsas kredit, 19 milyon manatını isə kreditlər üzrə hesablanmış faiz borcları təşkil edir.
Hazırda fonda müraciət etmiş 45 sahibkarlıq subyektinin sənədləri ekspertizadan keçirilir, onların kreditlə təminatı məsələləri araşdırılır.