ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda Özbəkistan nümayəndə heyəti ilə görüş olub
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Özbəkistan alimləri Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda olublar. Özbəkistan Respublikasının Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat İnstitutunun direktoru professor Nazim Müzəffərli (İmanov) ilə görüşüb.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan bildirilib. Professor N.Müzəffərli qonaqlara İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən fundamental elmi tədqiqatlar, dövlət qurumları ilə əməkdaşlıq, həyata keçirilən layihələr barədə geniş məlumat verib.
O.Hakimov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədindən danışıb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, potensial imkanlar, birgə istehsalın təşkili, qarşılıqlı faydalı ticarət, sahibkarlar və biznes strukturları arasında daha geniş əməkdaşlığın qurulması, qarşılıqlı investisiyalar, işğaldan azad olunmuş ərazilərdə xarici investorlar və biznes üçün şərait, bu sahədə iki ölkənin elmi və tədqiqat mərkəzləri ilə birgə müzakirələrin təşkili və s. məsələlər müzakirə olunub. İki dost və qardaş ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin zəruriliyi və əhəmiyyəti, bunun üçün yaxşı imkanlar olduğu qeyd edilib.