İQTİSADİYYAT
İqtisadiyyat naziri: Tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb
Bakı, 16 iyul, AZƏRTAC
Ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
Nazirin sözlərinə görə, qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb.