İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsini başa vuran tələbələrlə görüş olub
Naxçıvan, 27 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsini uğurla başa vuran “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin tələbələri ilə görüş olub.
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən muxtar respublikanın İqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamlarının əhəmiyyətini vurğulayıb. Nazir sərəncamların icrası ilə bağlı tələbələrin təcrübə keçmələri üçün İqtisadiyyat Nazirliyində zəruri işlər həyata keçirildiyini bildirib.
“Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə də iqtisadiyyatın müxtəlif sahələri üzrə praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Bu tələbatı ödəmək məqsədilə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir”, - deyən Tapdıq Əliyev qeyd edib ki, əməkdaşlığın ən yüksək səviyyədə davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində mümkün olub. Əminliklə demək olar ki, İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələr bu təcrübədən layiqincə yararlanacaq, Naxçıvanın gələcək iqtisadi inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər.
Görüşdə, “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov istehsalat təcrübəsinin mahiyyəti haqqında ümumi məlumat verərək onun tələbələrin biliklərinin zənginləşdirilməsi, gələcəkdə karyeralarının formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Dekan istehsalat təcrübəsinin tələbələrə universitetdə əldə etdikləri bilikləri praktiki olaraq tətbiq etmək imkanı yaratdığını bildirib.
Nazirlikdə istehsalat təcrübəsi keçən tələbə Ədalət Tağıyev çıxış edərək göstərilən qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində təşəbbüskar, çalışqan və məsuliyyətli olacaqlarını, dövlətimizin göstərdiyi qayğıya daha yaxşı təhsil almaqla cavab verəcəklərini qeyd edib.