“İQTİSADİYYAT” QƏZETİNİN XÜSUSİ BURAXILIŞI
“İqtisadiyyat” qəzeti ölkəmizdə ilk dəfə qeyd olunan neftçilərin peşə bayramına xüsusi buraxılış həsr etmişdir.
Qəzetin ilk dəfə olaraq 28 iriformatlı səhifədə buraxılmış nömrəsi Azərbaycanda neft hasilatının yaranması, təşəkkülü və inkişafının, bu sahədəki əlamətdar hadisələrin, dünyada misli görünməmiş əmək və elm xarüqələrinin tarixinin bir növ salnaməsinə çevrilmişdir. Oxucunun gözü önündə torpağın dərinliklərini fəth edənlərin, görkəmli alimlərin, mütəxəssislərin, təsərrüfatçıların, ümumiyyətlə, adları respublikamızdan çox-çox uzaqlarda tanınan əfsanəvi ilk cığıraçanların portretləri canlanır. Azərbaycan neftçilərinin indiki nəsli onların şöhrət və ənənələrini artırırlar. Xüsusi buraxılışın reportajları və oçerkləri də elə bu barədədir.
Respublika Prezidenti Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlı olan Azərbaycanın yeni neft strategiyasının naliyyətləri və həyata keçirilməsinin problemləri qəzetin bu nömrəsində xüsusi yer tutur. Xəzərin zəngin neft və qaz yataqlarının dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə işlənilməsi Azərbaycana dünya bazarına uğurla inteqrasiya etməyə və bütün iqtisadiyyatın yüksəlməsini, xalqın rifah halının yaxşılaşdırılmasını təmin etməyə imkan yaradacaqdır. Xüsusi buraxılışın ana xətti bundan ibarətdir.
Baş redaktorun - akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi yaradıcı kollektiv nömrənin hazırlanmasına alimlərdən, ARDNŞ-ın və onun strukturlarının rəhbərlərindən, tanınmış publisistlərdən ibarət geniş müəllif heyəti cəlb etmişdir. İqtisadiyyat qəzetinin zəngin illüstrasiyalı xüsusi buraxılışı, sözsüz ki, həm Azərbaycan neftçilərinin, həm də respublikanın geniş oxucu dairəsinin böyük marağına səbəb olacaqdır.