ELM VƏ TƏHSİL
İqtisadiyyata dövlət müdaxiləsinin ölçülməsi ilə bağlı tədqiqatlar aparılır
Bakı, 21 aprel, AZƏRTAC
AMEA-nın İqtisadiyyat İnstitutunda iqtisadiyyata dövlət müdaxiləsinin ölçülməsi ilə bağlı tədqiqatlar aparılır.
İnstitutun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva AZƏRTAC-a bildirib ki, bu tədqiqatlar həm də sahəvi xarakter daşıyır.
O vurğulayıb ki, səhiyyə sistemi üzrə institutda aparılan müvafiq tədqiqatlar dövlətin səhiyyə sisteminə müdaxiləsinin əhalinin sağlamlıq göstəricilərinə daha yaxşı təsir göstərdiyini sübut edir. Hazırkı pandemiya dövründə dünyada bu sahədəki real mənzərə də aparılan tədqiqatların nəticələrini bir daha təsdiqləyir.
Dosent Rəsmiyyə Abdullayeva diqqətə çatdırıb ki, İqtisadiyyat İnstitutunda hazırlanan metodologiya Səhiyyə Sisteminin Liberallığı İndeksi adlanır. Bu indeks AMEA-nın İqtisadiyyat İnstitutunun hər il dərc etdiyi İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksinin metodologiyasına müvafiq şəkildə hazırlanıb.
“Səhiyyə sistemi ilə bağlı belə bir metodologiya dünyada ilk dəfə olaraq İqtisadiyyat İnstitutu tərəfindən hesablanıb. Bu metodologiya imkan verir ki, hər hansı ölkədə dövlətin səhiyyə sisteminə müdaxilə səviyyəsinin artırılması və ya azaldılmasının zəruri olduğunu deyə bilək. Buradan əldə olunan düzgün nəticələr isə həmin ölkələrdə əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir”, - deyə Rəsmiyyə Abdullayeva qeyd edib.