İRAN BEYNƏLXALQ TƏKLİFLƏRİ ƏTRAFLI ÖYRƏNƏCƏYİNİ VƏD EDİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, İran XİN-in başçısı Mənuçehr Mottəki yüksəkvəzifəli Avropa diplomatı ilə danışıqlardan sonra demişdir: “Biz razılığa gəldik ki, bu təşəbbüslər diqqətlə öyrəniləcəkdir. İslam Respublikası həmin təşəbbüslər barəsində öz mövqeyini avropalı dostlara bundan sonra bildirəcəkdir”.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Ləricani demişdir ki, onun ölkəsi nüvə probleminə dair məntiqi razılaşma əldə olunması üçün dünya birliyi ilə danışıqlara yenidən başlamağa hazırdır. O, Solana ilə danışıqları konstruktiv adlandırmış və qeyd etmişdir ki, “danışıqlar gələcək əməkdaşlıq üçün əsas ola bilər”. Ləricani “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) tərəfindən hazırlanmış və uranın saflaşdırılması işlərindən imtina əvəzində İrana təklif olunan iqtisadi stimullar paketinə toxunaraq vurğulamışdır ki, “burada müsbət cəhətlər var”.
Solana onunla görüşdən sonra bildirmişdir ki, İranla danışıqları davam etdirmək niyyətindədir. O, ümidvar olduğunu söyləmişdir ki, Tehran təqdim edilmiş təkliflərə müsbət cavab verəcəkdir.
Danışıqların iştirakçıları təkliflərin məğzini Tehranın rəsmi cavabı alınmayınca açıqlamamaq barədə razılığa gəlmişlər.
Lakin “Nyu-York tayms” qəzetinin məlumatına görə, “altılığın” təklifləri “Boinq” və “Erbas” şirkətlərinin istehsal etdikləri təyyarələr üçün Tehranın ehtiyat hissələri almasına imkanlar açır. Bundan başqa, İran ABŞ-dan kənd təsərrüfatı texnikası və texnologiyalar da ala bilər. “Altılıq” ölkələri İranın nüvə energetikasının inkişaf etdirilməsi proqramını da dəstəkləmək öhdəliyi götürürlər. Eyni zamanda, altı ölkə İranın Dünya Ticarət Təşkilatına üzv qəbul edilməsini dəstəkləməyə də razılıq vermişdir.