İRAN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ GÖRÜŞ
Martın 6-da Bakıdakı İran Mədəniyyət Mərkəzində İİR Parlamentinin İran-Azərbaycan dostluq qrupu üzvlərinin ölkəmizdəki fars dili müəllimlər və şərqşünas alimlər ilə görüşü olmuşdur.
Görüşü İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Qəzai açaraq ölkələrimiz arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən bəhs etdi. O, əmin olduğunu bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin İran İslam Respublikasına qarşıdakı səfəri ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsinə güclü təkan verəcəkdir.
Qrupun rəhbəri Əliəsğər Şerdust Azərbaycanda keçirdikləri görüşlərdən məmnun qaldığını bildirdi, şərqşünas alimlərin fars dili və ədəbiyyatının tədqiqi ilə bağlı gördükləri işləri yüksək dəyərləndirdi. Ə.Şerdust dedi ki, İran ilə Azərbaycan arasında elmi və mədəni əlaqələri genişləndirmək üçün potensial imkanlar olduqca çoxdur. Biz bu imkanlardan istifadə etməklə daha böyük nailiyyətlər əldə edə bilərik.
Tədbirdə Milli Məclisin deputatı Fəttah Heydərov, akademik Bəkir Nəbiyev, MEA-nın müxbir üzvü Vasim Məmmədəliyev, BDU-nun İran filologiyası kafedrasının müdiri Tofiq Cahangirov və başqaları çıxış etdilər.