İrəvan teatrı mövsümü “Min möhtəşəm günəş” tamaşası ilə açıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 136-cı mövsümünün açılışı olub.
AZƏRTAC xəbər verir ki, mövsümün açılışı əfqan yazıçısı Xalid Hüseyninin məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə olub.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.
Səhnə əsərində rollarda Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və başqaları çıxış ediblər.
Əsərin mövzusu Əfqanıstanda qadın hüquqsuzluğundan bəhs olunur: bir kişinin iki arvadı. Onlar bir-birinə rəqib deyil, düşməndir. Hər ikisi ərinə nifrət edir, amma bir dam altında yaşamaq onlara çox şey öyrədir. Hər tərəf müharibə, ölüm, dağıntı, qaçmağa bir yerin olmayanda bir çox şeyləri anlamaq olur.
Məryəm qeyri-rəsmi nikahdan doğulan, kasıb daxmada böyümüş, sonradan özündən 30 yaş böyük olan çəkməçiyə məcburən ərə verilmiş, ailə xoşbəxtliyindən, dünyaya uşaq gətirmək sevincindən məhrumdur. Leyla nəcib, savadlı ailədən, uşaqlıqdan sevgi və nəvazişlə böyüyən, özü də sevən və seviləndir. Ölkəni bürüyən müharibə alovu yaşadıqları şəhəri gözləri önündə tədricən dağıdır, aclıq, səfalət hər yeri bürüyür. Amma iki qadın yenə də xoşbəxtliyə can atır və ümidlərini itirmir.