İşğaldan azad olunmuş ərazilər buğda və taxıl istehsalında xüsusi paya malik ola bilər
Bakı, 10 yanvar, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilər iqtisadi potensialı ilə yanaşı, eyni zamanda, aqrar sektorda, xüsusilə buğda və taxıl istehsalında xüsusi paya malik ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O bildirib ki, həmin rayonlarımız işğaldan əvvəlki dövrlərdə ölkə taxılının əhəmiyyətli hissəsini yetişdirə bilirdilər. Xüsusilə də Füzuli, Ağdam və digər işğaldan azad edilmiş rayonlarımız taxıl istehsalında öndə gedən rayonlardan olub, taxıl fondunun formalaşmasına töhfə veriblər. Nəzərə alsaq ki, artıq buğda yetişdirilməsi yeni texnologiya əsasında həyata keçirilir, həmin ərazilərimizdə daha yüksək məhsuldarlıqla taxıl istehsalının təşkil edilməsi mümkündür.
“İlkin qiymətləndirmələr göstərir ki, bərpa və yenidənqurma prosesindən sonra ilkin mərhələdə bütövlükdə bu ərazilərdə 1 milyard manatlıq əkinçilik məhsulları yetişdirmək mümkün olacaq ki, bunun da əhəmiyyətli hissəsinin buğda və taxıl olması gözlənilir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərimiz taxıla olan tələbatın ödənilməsində xüsusi paya malik olacaq. Bu isə idxaldan asılılığın azaldılmasına, eyni zamanda, dünya bazarında dəyişən qiymətlərin təsirinin minimallaşdırılmasına imkan verəcək. Yaxın dövrlərdə taxıla olan tələbatın 85 faizdən çoxunun yerli istehsal hesabına ödənilməsi hədəflənib. Bu da daha keyfiyyətli məhsulun bazara çıxarılmasına və qiymətlərin tənzimlənməsinə təsir edəcək”, - deyə Vüqar Bayramov vurğulayıb.