İSGƏNDƏRİYYƏ İŞ ADAMLARI ASSOSİASİYASI BEYNƏLXALQ BİZNES FORUMU KEÇİRMİŞDİR
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, İsgəndəriyyə şəhərində İsgəndəriyyə İş Adamları Assosiasiyası beynəlxalq biznes forumu keçirmişdir.
Forum assosiasiyanın təsis olunmasının 25 illiyinə həsr edilmişdir. Tədbirdə İskəndəriyyənin qubernatoru, assosiasiyanın üzvləri olan tanınmış misirli iş adamları, Qahirə və İsgəndəriyyə şəhərlərində nümayəndəliyi olan xarici şirkətlərin rəhbərləri, 30-a yaxın ölkənin, o cümlədən Azərbaycanın MƏR-dəki səfirliyinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan səfirliyi Misirdə böyük nüfuza malik İsgəndəriyyə İş Adamları Assosiasiyası ilə sıx əlaqələr qurmuşdur. Ötən il assosiasiyanın üzvü, Gəmiçilik Palataları Ümumərəb Federasiyasının prezidenti Hatem Əl-Kadi Azərbaycana səfər etmişdir. Səfər zamanı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İsgəndəriyyə İş Adamları Assosiasiyası arasında bir sıra sazişlər imzalanmışdır.
Forumda İsveçrənin UBS Bankının analitikləri qlobal və regional iqtisadiyyat məsələlərinə dair çıxışlar etmiş, iştirakçıları maraqlandıran suallara cavab vermişlər.
Belçika, Fransa, Türkiyə, Xorvatiya, Pakistan, Braziliya və Azərbaycan səfirliklərinin müxtəlif sahələri əhatə edən kitab, broşür və plakatlardan ibarət sərgi-stendləri böyük maraq doğurmuşdur. Azərbaycanın sərgi-stendində H.Mirələmov və V.Andriyanovun səfirliyin təşəbbüsü ilə ərəb dilinə tərcümə olunub nəşr edilmiş “Heydər Əliyev”, professor Y.Raunun “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi. Tarixə bir baxış” adlı kitabları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair broşür və CD-lər, ölkəmizdə turizm, iqtisadiyyat və investisiya mühitinə dair məlumatlar olan çap məhsulları və CD-lər nümayiş etdirilərək forum iştirakçılarına paylanmışdır.
Biznes forumu çərçivəsində assosiasiya ilə fəal əməkdaşlıq edən dövlətlərin - Belçika, Banqladeş, Danimarka, Almaniya, Fransa, Bəhreyn, BƏƏ, Xorvatiya və Səudiyyə Ərəbistanı və Azərbaycanın şərəfinə təntənəli mərasim keçirilmişdir. Həmin dövlətlərin səfirliklərinin təmsilçilərinə İsgəndəriyyə İş adamları Assosiasiyasının rəmzi olan xüsusi fəxri xatirə lövhələri təqdim edilmişdir.