CƏMİYYƏT
“İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi başa çatır





Bakı, 14 fevral, AZƏRTAC
“Gənclər Həftəsində” keçirilən düşərgələrdən biri də “Öndə Gənclər” (Öndə) İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi yekunlaşmaq üzrədir. “İşıq” proqramı daxilində 5 il ərzində davam edəcək layihələr gənclərə müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazandırmağı hədəfləyir.
İlk “İşıq” layihəsi Lənkəran gənclərinin iştirakı ilə Lənkəran Olimpiya İdman Kompleksində yaşayışlı təlim formatında hazırlanıb. Düşərgədə 14-24 yaş arası 20 gənc iştirak edir. Onlar hər gün 4 modul olmaqla, karyera planlaması, bazar araşdırması, CV hazırlanması, müsahibə texnikaları və iş axtarışı alətləri üzrə təlimlərdə nəzəri və praktiki bacarıqlarını inkişaf etdirirlər. Layihənin ikinci mərhələsində gənclər vorkşoplarla öz fərdi karyera planlarını hazırlayacaqlar. “Öndə”nin əsas dəyərlərindən biri davamlılıqdır. Bu dəyər layihə bitdikdən sonra da gənclərlə əlaqənin saxlanılmasına və dəstək göstərilməsinə imkan yaradır. Layihədən sonra “Öndə” komandasının üzvləri iştirakçıların karyera planına uyğun olaraq irəliləməsinə və çətinlikləri aşmasına mentor dəstəyi göstərəcək.