İSLAMIN İNDONEZİYADA DAHA ƏVVƏLLƏR YAYILDIĞINI ƏSASLANDIRAN ALİMLƏR TUTULMUŞLAR
Avropa-İndoneziya birgə ekspedisiyası bu yaxınlarda 1000 il əvvəl Yava dənizində bir gəminin qəzaya uğradığı yerdən 250 mindən artıq Çin keramika parçası, habelə ərəb və fars şüşə məmulatı, metal əşyalar tapmışdır. Komanda dənizin dibindən 13 min Hindistan mirvarisi, zinət əşyası, təxminən 1000 yaqut və sapfir, qızıl parçaları, habelə təsbeh və silahlar da çıxarmışdır.
Elmi təhlil göstərmişdir ki, keramika nümunələri 930-990-cı illər arasında Çində hazırlanmış, şüşə qablar isə Qahirə, Dəməşq, Bağdad və Bəsrədən gətirilmişdir. Gəmi Sumatranın cənubundakı Şrivicava Krallığından Yavanın şərqindəki Sinqosari Krallığına gedən yolda təxminən 970-ci ildə qəzaya uğramışdır. Qədim əşyalar İslamın İndoneziyaya X əsrin axırlarında Çindən gəldiyini təxmin etməyə imkan verir. Uzun müddət belə hesab olunurdu ki, İndoneziyada İslamı ərəb tacirlər yaymışlar.
Lakin İndoneziya polisi xəzinəni möhürləmiş, ekspedisiya başçılarını isə tutmuşdur. Polis onları lisensiyasız işləməkdə təqsirləndirir. Ekspedisiya iştirakçılarının dediklərinə görə, onların tələb olunan bütün sənədləri var. Polisi buna xəzinə axtarışı ilə məşğul olan rəqib şirkətin iddiası təhrik etmişdir.