İsmayıllıda şəhidin doğum günü məzarı yanında qeyd olunub
İsmayıllı, 28 may, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan İsmayıllı rayonu Xanagah kənd sakini Kamal Eynulla oğlu Babayevin doğum günü uyuduğu kənd qəbiristanlığında məzarı yanında qeyd olunub. Yaşasaydı, Kamalın 30 yaşı olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Çıxışlarda Kamal Babayevin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb. Qeyd olunub ki, o, 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olub. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. “N” saylı hərbi hissədə xidmətini sürücü kimi davam etdirib və 2011-ci ilin yanvarında xidmətini başa vurub․ Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatılan Kamal Babayev Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azad olunmasında igidliklə vuruşub. Noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. O, noyabrın 16-da yaşadığı Xanagah kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə - cəmi 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən də danışıb, Kamalın və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər.
Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin valideyni övladı ilə fəxr etdiyini söyləyib, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda ziyarətçilər şəhidin ailəsində olub, qayğıları ilə maraqlanıblar.