İSMAYILLIDA SON 9 AYDA 916 NƏFƏR ÜÇÜN DAİMİ İŞ YERİ AÇILMIŞDIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı respublikamızın hər yerində olduğu kimi İsmayıllı rayonunda da fəaliyyət proqramına çevrilmişdir. Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası, emal müəssisələrinin və yeni istehsal sahələrinin açılması hesabına yüzlərlə daimi iş yeri yaradılmışdır. Hazırda 60 min baş quş bəslənilən fabrikin, ildə 5 milyon ədəd kərpic istehsal olunan zavodun, xalça və kələğayı sexlərinin bərpası, heyvandarlıq məhsulları hazırlanan sexlərin tikilib işə salınması, onlarca yeni xidmət obyektinin açılması, bölgənin sosial həyatında böyük canlanmaya, sakinlərin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2004-2008-ci illər ərzində rayonda 5000 iş yerinin açılması nəzərdə tutulmuş və bununla əlaqədar proqram hazırlanmışdır. Təkcə son doqquz ayda 916 nəfər üçün daimi iş yeri açılmışdır.