İsmayıllıda soyqırımı qurbanlarının xatirəsi anılıb
İsmayıllı, 31 mart, AZƏRTAC
Vaxtilə Şamaxı və Göyçay qəzaları arasında bölünən bugünkü İsmayıllı rayonu da tarixi düşmənlərimizin - ermənilərin törətdiyi soyqırımı hadisələrinə məruz qalıb. Tircan kəndində 360, Mücü kəndində 230, Bizlan kəndində 200 nəfər erməni şovinistləri tərəfindən qətlə yetirilib. Sərdahar, Zərnəva, Xankəndi, Maçaxı, Tağlabiyan, Kəlfərəc, Qıçatan, Sulut və Zeyvə kəndləri də daxil olmaqla, 1029 nəfər soyqırımı qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə İsmayıllıda “Ana harayı” abidəsi önündə keçirilən 31 Mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım mərasimində ətraflı danışılıb.
Son iki yüz ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə önündə keçirilən tədbirdə daşnakların zaman-zaman xalqımızın başına gətirdiyi müsibətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrinin əsl mahiyyəti üzə çıxarılıb. 1998-ci il martın 26-da imzalanan fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə yazılıb.
Mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın getdikcə artan iqtisadi və hərbi qüdrətindən iftixarla danışan natiqlər, xalqımıza qarşı törədilən qətliamlara görə ermənilərin gec-tez cavab verəcəklərini bildiriblər.