İsmayıllıda yeni fabrik açılacaq
İsmayıllı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə İsmayıllı rayonunun İvanovka kəndində “Karamel” fabriki tikiləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq fabrikin inşasına başlanılıb. Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçirilən təməlqoyma mərasimində rayon icra hakimiyyətinin rəhbərləri, kənd ağsaqqalları iştirak ediblər. İcra hakimiyyətinin başçısı Nahid Bağırov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin İsmayıllıya, eləcə də İvanovka kəndinə diqqət və qayğısından danışıb. İcra başçısı tikiləcək fabrikin yeni iş yerlərinin açılmasına, bölgə iqtisadiyyatının inkişafına böyük töhfə verəcəyini bildirib. Habelə rayonda sosial-iqtisadi layihələrin bundan sonra da həyata keçiriləcəyini vurğulayıb.
Çıxış edən kənd sakinləri onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İvanovkada quşçuluq fabrikinin də tikintisi nəzərdə tutulub.