İsmayıllının kənd yolları təmir olunur
İsmayıllı, 16 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda Sumağallı-Qalacıq avtomobil yolunun 0-4 kilometrlik hissəsində və Çayqovuşan kənd yolunda cari təmir işləri aparılır. İşlər 9 nömrəli “Yol İstismarı” MMC tərəfindən həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sumağallı-Qalacıq yolunda yaranan qabarmalar aradan qaldırılır, çuxurlar doldurularaq dağılmış asfalt örtüyü yenidən bərpa olunur.
Bundan əlavə, Çayqovuşan kəndinin mərkəzi yolu texnikanın qüvvəsi ilə düzləşdirilir və çınqıl material döşənir. Habelə, güclü yağışlar zamanı yaranan sel sularının yola ciddi ziyan vurmaması məqsədilə 6 yerdə suötürücü borular quraşdırılır. Görülmüş işlərdə kəndin imkanlı sakinləri yaxından iştirak edirlər. Növbəti mərhələlərdə yola asfalt döşənməsi nəzərdə tutulur.