İSTANBULDA TÜRKİYƏ VƏ GÜRCÜSTANIN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 31-də İstanbulda Gürcüstanın xarici işlər naziri Yekatrina Tkeşelaşvilinin türkiyəli həmkarı Əli Babacan ilə görüşündə Qafqazda Sabitlik və Əməkaşlıq Platforması müzakirə olunmuşdur.
Görüşdən sonra keçirilmiş mətbuat konfransında Əli Babacan bildirmişdir ki, Gürcüstanla Rusiya arasında yaranmış gərginlik siyasi dialoq vasitəsilə aradan qaldırıla bilər. Onun sözlərinə görə, Ankaranın təklif etdiyi Qafqazda Sabitlik və Əməkaşlıq Platforması 3 Cənubi Qafqaz ölkəsini, habelə Türkiyə və Rusiyanı əhatə etməlidir. Azərbaycan və Gürcüstanla təklifin detallarının müzakirə edildiyini söyləyən türkiyəli nazir, sentyabrın 2-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da müzakirələr aparacağını diqqətə çatdırmışdır. Ardınca, Türkiyə rəsmiləri Yerevana səfər edəcək və Türkiyə Prezidenti Abdullah Gülün də Ermənistan paytaxtına gözlənilən səfəri zamanı bu məsələ ətrafında fikir mübadiləsi aparılacaqdır. Türkiyə hesab edir ki, “dondurulmuş” münaqişələrin həlli üçün heç bir mexanizm yoxdur və onların nizama salınması istiqamətində gərgin iş aparılması zəruridir. Ayrılıqda davam edəcək müzakirələrdən sonra, bütün tərəflər bir stol arxasında toplaşa və münaqişələrin sülh yolu ilə davamlı həlli haqqında danışıqlar apara bilərlər.
Gürcüstanın xarici işlər naziri Yekatrina Tkeşelaşvili isə bildirmişdir ki, Rusiya ilə məlum olaylar zamanı Türkiyənin yardımı Gürcüstan üçün həyati əhəmiyyətə malik olmuşdur. Onun sözlərinə görə, bu hərbi müdaxilə “domino effekti” yarada və Ukraynaya və digər ölkələrə də yayıla bilər. Gürcüstanın naziri hələ də ölkəsinin bəzi ərazilərinin işğal altında olduğunu və qarşı tərəfin atəşkəs rejiminə əməl etmədiyini söyləmişdir.