İstanbulun tarixi qəbir daşları inventarlaşdırılır
İstanbul, 24 avqust, AZƏRTAC
Türkiyədə həyata keçirilən “İslami Kitabələr və Qəbir Daşları İnventarlaşdırma Layihəsi” çərçivəsində şəhərin tarixi məzarlıqlarındakı qəbir daşları qeydiyyata alınır.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinin himayəsi, ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin İstanbul üzrə işləri şəhərin Mədəniyyət Universitetinin professoru Kadir Pektaşın koordinasiyası və müxtəlif universitetlərdən alimlərin iştirakı ilə aparılır. Hazırda aktiv inventarlaşdırma işləri Üsküdarda davam edir.
İşlər zamanı qəbir daşları nömrələnir, fotoşəkilləri çəkilir, ölçüləri və GPS koordinatları müəyyənləşdirilir. Daşların forması, başlıq və bəzək xüsusiyyətləri, həmçinin baş daşlarında yer alan kitabələrdəki yazı üslubları araşdırılaraq məlumatlar inventar sisteminə daxil edilir.
Mütəxəssislərin bildirdiyinə görə, qəbir daşları yalnız məzar nişanı deyil, həm də dövrün sosial, mədəni, dini və sənət xüsusiyyətlərini əks etdirən tarixi sənədlərdir. Xüsusilə Osmanlı dövrünə aid daşlardakı başlıq və bəzəklər şəxsin peşəsi və cəmiyyətdəki mövqeyi barədə məlumat verir.
Layihə çərçivəsində qəbir daşlarının coğrafi informasiya sistemləri vasitəsilə xəritələndirilməsi və əldə olunan məlumatların Mədəniyyət və Turizm Nazirliyinin Milli Muzey İnventar Sisteminə daxil edilməsi nəzərdə tutulur. Məqsəd bu tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.