MƏDƏNİYYƏT
İSTİQLAL NƏĞMƏKARI HAQQINDA ALBOM-KİTAB
“Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi filologiya elmləri doktoru, professor, yazıçı-jurnalist Teymur Əhmədovun milli azadlıq və müstəqillik uğrunda mücadilə ədəbiyyatımızın öndərlərindən biri, istiqlal nəğməkarı və ictimai xadim, şəhid Milli Qəhrəman atası Xəlil Rza Ulutürkün ömür yolundan, şair, ədəbiyyatşünas-alim, tərcüməçi və publisist kimi çoxşaxəli ədəbi-elmi, habelə ictimai fəaliyyətindən bəhs edən “Xəlil Rza Ulutürk” albom-kitabını capdan buraxmışdır. Kitabın əvvəlində Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə Xəlil Rza Ulutürkün ölkəmizin ali mükafatı - “İstiqlal” ordeni ilə təltif olunması (ölümündən sonra) haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı və dövlətimizin başçısı ordeni şairin ömür-gün yoldaşı Firəngiz xanım Ulutürkə təqdim edərkən çəkilmiş fotoşəkil verilmişdir.
Albom-kitaba şairin “məslək silahım” adlandırdığı şerlərindən nümunələr daxil edilmişdir. Kitabda epiqraf kimi verilmiş aşağıdakı misralar bu şerlərin ümumi ruhunu bariz şəkildə əks etdirir:
Buludu şimşəktək parçalayaraq,
Zülməti nur ilə boğacağam mən.
Qərbdə ulduz kimi batsam,
Şərqə bax:
Şərqdən günəş kimi doğacağam mən.
İtib-batmaq üçün yaranmamışam,
Dünənəm!
Bugünəm!
Gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də, nə qəm,
Dünyaya yenidən gələcəyəm mən!
Oxucular kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, habelə şairin qələm dostları və həmkarlarının - Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Qabil, Məmməd Araz, Anar, Bəkir Nəbiyev, Qulu Xəlilli, Yaşar Qarayev, Rəfiq Zəka və başqalarının Xəlil Rza Ulutürkün yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə ürək sözləri ilə də tanış ola biləcəklər.
Albom-kitabda şairin həyat yolunun ayrı-ayrı anlarını, onun respublikamızda, habelə Türkiyədə, Moskvada, Özbəkistanda keçirilən ədəbi-elmi məclislərdə və ictimai yığıncaqlarda çıxışlarını, həmkarları ilə ünsiyyətini əks etdirən zəngin illüstrasiya materialı - fotoşəkillər verilmişdir.
Nəfis şəkildə tərtib olunmuş nəşrin redaktoru filologiya elmləri doktoru, yazıçı-publisist İsmayıl Vəliyevdir.