İsveç hökuməti ölkədə yaşayış icazəsi ilə bağlı araşdırmalara başlayıb
Stokholm, 21 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökuməti "qeyri-düzgün həyat tərzi" faktları aşkar edildiyi təqdirdə, onların qarşısını ala bilmək məqsədilə yaşayış icazələri ilə bağlı araşdırmalara başlayıb.
AZƏRTAC xəbər verir ki, hökumətin və ifrat sağçı “Sverigedemokraterna” (İsveç demokratları) partiyasının fikrincə, təkcə cinayət faktı yaşayış icazəsinin verilməsindən imtina edilməsinə və ya ləğv edilməsinə səbəb olmamalıdır.
Normativlərə əsasən, "qeyri-düzgün həyat tərzinə" müavinətlərlə bağlı saxtakarlıq edilməsi, demokratiyanı təhdid edən ifadələr işlədilməsi, cinayətkar və ya təcavüzkar şəbəkələrlə əməkdaşlıq halları aid edilir.
Miqrasiya naziri Mariya Malmer Stenerqardın sözlərinə görə, ölkəyə uğurlu inteqrasiyanın əsas şərti İsveçdə yaşamaq istəyən insanların əsas standartlara riayət etmələri, dürüst və nizamlı qaydada yaşamalarıdır.
"Dürüst insanların narahat olmasına ehtiyac yoxdur. Lakin, əgər siz demokratik prinsiplərimizi pozmağa yönəlmiş fəaliyyətlərlə məşğul olsanız, narahat olmaq üçün hər cür səbəbiniz var", - deyə o bildirib.
Araşdırma tədbirləri, həmçinin müxtəlif dövlət orqanlarının əcnəbilər haqqında müvafiq məlumatlara necə giriş əldə edə biləcəyi məsələlərinin aydınlaşdırılması məsələlərini də əhatə edir. Bu, yaşayış icazələrinin verilməsindən imtina edilməsi və ya onların ləğvi ilə bağlı daha çox qərar qəbul etməyə imkan yaradacaq.
Vətəndaşlıq məsələləri ilə bağlı araşdırma hesabatı 2024-cü ilin dekabrında ictimaiyyətə təqdim ediləcək, “dürüst həyat tərzi" ilə bağlı tələblərin isə 2025-ci il yanvarın 15-dən sərtləşdiriləcəyi gözlənilir.