İsveçdə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə anma mərasimi keçirilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç-Azərbaycan Kültür Cəmiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasim xalqımızın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səfir Adış Məmmədov tədbiri açaraq, 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat vermiş, bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirmişdir. Sovet imperiyasının rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətindən danışan səfir, Azərbaycan xalqının öz hüquqlarını müdafiə etdiyini, xalqın bir nəfər kimi ayağa qalxaraq bu xəyanətkar siyasətin qarşısında dayandığını bildirmişdir.
Sovet rəhbərliyinin birbaşa göstərişi ilə Bakıya yeridilmiş ağır hərbi texnika və qoşun hissələrinin sözün həqiqi mənasında qətliam törətdiyini bildirən səfir həmin gecə azyaşlı uşaqların, qadınların, hətta tibb işçilərinin şəhid edildiyini diqqətə çatdırmışdır.
Səfir A.Məmmədov faciədən sonra dünya ictimaiyyətinin bu qətliamdan xəbər tutmaması üçün Azərbaycanın informasiya blokadasına alındığını qeyd edərək, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin informasiya blokadasını yararaq, dünya xalqlarına müraciət etdiyini, Azərbaycanda törədilən vəhşiliklər haqqında məlumat verdiyini bildirmişdir.
20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsində önəmli rol oynadığını bildirən səfir, şəhidlərin xatirəsinin yaddaşımızda əbədi yaşayacağını qeyd etmişdir.
Tədbirdə İsveç-Azərbaycan Kültür Cəmiyyətinin sədri Səməd Fərtaş, “Odlar Yurdu” Təşkilatının sədri Sevinc Bakılı və diaspor fəalı Leyla Kiani çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşmüşlər.
Sonra faciədən bəhs edən “Azadlığa gedən yol” adlı sənədli film nümayiş etdirilmişdir.
Bu tədbirlə yanaşı, Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə mətbuat məlumatı və hadisələrin əks olunduğu sənədli film ingilis dilinə tərcümə edilərək Stokholmda akkreditə olunan xarici ölkələrin səfirliklərinə, İsveçin dövlət orqanlarına, universitetlərinə və aparıcı qəzetlərinə göndərilmişdir.