İtaliya A Seriyası: “Milan” qələbə qazanaraq lider “İnter” ilə xal fərqini azaldıb
Bakı, 7 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 7-də futbol üzrə İtaliya A Seriyasının 26-cı turunda çempionluğa iddialı “Milan” komandası səfərdə “Hellas Verona” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə milanlılar qalib gəliblər - 2:0. Oyunda hesabı 27-ci dəqiqədə Rade Kruniç açıb. Fasilədən sonra - 50-ci dəqiqədə “Milan” hesab arasındakı fərqi iki topa çatdırıb. Dioqo Dallot adını tabloya yazdırıb.
Bu qələbədən sonra xal ehtiyatını 56-ya çatdıran “Milan” lider “İnter” ilə xal fərqini azaldıb. Martın 8-də ardıcıl dörd oyunda qələbə qazanan “Atalanta”nı qəbul edəcək “İnter”in isə 59 xalı var.