İTALİYA AZƏRBAYCANA DOST VƏ MEHRİBAN MÜNASİBƏT GÖSTƏRİR
E.Kərimov Prezident İlham Əliyevin İtaliya Prezidenti Corcio Napolitanoya təbriklərini və salamlarını, eləcə də, 28 May - Respublika günü münasibətilə Prezident C.Napolitanonun təbriklərinə cavab olaraq, Prezident İlham Əliyevin təşəkkür məktubunu italiyalı diplomata təqdim etmişdir.
Ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən söz açan E.Kərimov, Prezident İlham Əliyevin ötən il İtaliyaya rəsmi səfərinin, keçirilən görüşlərin və imzalanmış sənədlərin Azərbaycan-İtaliya əlaqələrinin inkişafına təkan vediyini söyləmişdir. Azərbaycan rəhbərliyinin İtaliyanın yeni dövlət və hökumət başçıları ilə əməkdaşlığı davam etdirməyə böyük maraq göstərdiyini diqqətə çatdıran E.Kərimov, bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, xüsusilə də İtaliya Prezidentinin Azərbaycana səfərinin təşkilinin əhəmiyyətli olduğunu bildirmişdir.
Səfir E.Kərimov İtaliyanın ölkəmizin ən böyük ticarət tərəfdaşı olduğunu, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatına iri məbləğdə sərmayələr qoyduğunu söyləmişdir.
İtaliyanın Azərbaycana dost və mehriban münasibət göstərdiyini bildirən R.Nicido, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnun olduğunu bildirmişdir. Respublikamızın əhəmiyyətli coğrafi-siyasi mövqedə yerləşdiyini və zəngin təbii ehtiyatlara malik olduğunu qeyd edən italiyalı diplomat, Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatların uğurlu nəticələrinin ölkəsinin rəhbərliyi tərəfindən diqqətlə izləndiyini və yüksək qiymətləndirildiyini bildirmişdir.
1997-ci ildə İtaliya Baş nazirinin diplomatik müşaviri vəzifəsində çalışdığını söyləyən R.Nicido, həmin il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İtaliyaya səfərini məmnunluqla xatırlatmış, səfərdən ötən dövrdə ölkələrimiz arasında münasibətlərin indiki yüksək səviyyəyə qalxmasından, xüsusilə də iqtisadi sahədə əldə olunmuş uğurlardan razılığını ifadə etmişdir.
Əlaqələrin inkişafında dinamizmin təmin edilməsi üçün yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayan R.Nicido, hazırda İtaliya Prezidentinin xarici siyasət üzrə fəaliyyət proqramının hazırlanması ilə bağlı məsləhətləşmələrin aparıldığını diqqətə çatdırmış, Azərbaycana da səfərin mümkünlüyünün nəzərdən keçiriləcəyini söyləmişdir.
Səfir E.Kərimov ölkəmizdə demokratik dəyərlərin, iqtisadi yüksəliş və sosial rifahın təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxlandığını və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çarpdırmışdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığa və təhlükəsizliyə böyük təhdid olduğunu bəyan etmişdir.
Azərbaycan dövlətinin münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdıran E.Kərimov, İtaliya hökumətinin Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.
Münaqişənin hələ də həll edilməməsindən təəssüfləndiyini bildirən R.Nicido, bu məsələdə İtaliya rəhbərliyinin hər cür yardım göstərməyə hazır olduğunu söyləmişdir.