İtaliya KİV-lərində ümummilli lider Heydər Əliyev haqqında məqalələr dərc olunub
Roma, 14 may, AZƏRTAC
İtaliyanın aparıcı KİV-lərində - “Il Messaggero”, “Opinione”, “Agenzia Nova”, “Agenparl”, “Geopolitica” və digər qəzet, xəbər agentliyi, analitik-informasiya portallarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə məqalələr yayılıb.
Yazılarda Ümummilli Liderin Azərbaycanı müstəqilliyinin ilk illərində üzləşdiyi ağır ictimai-siyasi, sosial-iqtisadi problemlərdən xilas etməsi, dövlətçiliyimizin qorunması və gücləndirilməsi, ölkənin sabitlik və inkişaf yoluna qədəm qoyaraq beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən bəhs olunur.
Məqalələrdə, həmçinin İtaliyanın “Edizione Nuova Cultura” nəşriyyat evi tərəfindən nəşr edilmiş, Roma Sapienza Universitetinin professorları Daniel Pommier Vinçelli və Andrea Karteninin həmmüəllifləri olduğu “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabı və bu kitabın təqdimatı ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş tədbir haqqında məlumat verilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma