İtaliya parlamentinin önündə keçirilən Azərbaycana dəstək aksiyası bu ölkənin mətbuatında geniş işıqlandırılıb
Roma, 23 iyul, AZƏRTAC
İtaliya parlamentinin önündə keçirilən Azərbaycana dəstək aksiyası bu ölkənin “Agenzia Nova”, “Askanews”, “Sardegnagol”, “Gironale Diplomatico” kimi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, məlumatlarda aksiyanın Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi hərbi təxribatı və 30 ildən çox Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü İtaliya rəhbərliyinin, parlament üzvlərinin, yerli ictimaiyyətin diqqətinə çatdırmaq, eləcə də Azərbaycan Ordusuna dəstək nümayiş etdirmək məqsədi ilə keçirildiyi qeyd edilir. Aksiya iştirakçılarının Vətən uğrunda şəhid olanların ailələri və yaxınları ilə həmrəylik, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində dayanan Azərbaycan Milli Ordusuna dəstək nümayiş etdirdiyi deyilir.
Qeyd olunur ki, aksiya iştirakçıları Ermənistanın təcavüzünün Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə təhdid olduğunu bildirib və Ermənistanın son hərbi təxribatlarının pislənməsi və bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkməsi üçün ona təzyiq edilməsi barədə İtaliya hökumətinə və parlamentinə çağırış ediblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma