İtaliyanın “24 Ore” biznes məktəbinin tələbələri Azərbaycanın regiondakı rolu barədə məlumatlandırılıb
Roma, 12 mart, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində bu ölkənin “24 Ore” biznes məktəbinin magistrantları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov tələbələrə ölkəmizin tarixi, regionda rolu, post-münaqişə dövrü və xarici siyasət prioritetləri, həmçinin həyata keçirilən aktual enerji və nəqliyyat layihələri barədə təqdimatla çıxış edib.
Eyni zamanda, Azərbaycan-İtaliya münasibətləri, İtaliya-Azərbaycan Universiteti, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına hazırlıq prosesi barədə də məlumat verilib.
Tələbələrə Azərbaycanda təhsil imkanları, o cümlədən ADA Universitetinin xarici tələbələr üçün “Əlimərdan bəy Topçubaşov təqaüd Proqramı” haqqında geniş məlumat təqdim olunub.
Təqdimat sual-cavabla davam etdirilib. Tələbələr ölkəmizin geosiyasi proseslərdəki mövqeyi, ənənəvi və bərpa olunan enerji layihələri, COP29 konfransı ilə bağlı suallar ünvanlayıblar.
Sonda “24 Ore” biznes məktəbinin tələbələri Azərbaycanın Mədəniyyət Mərkəzi ilə tanış olublar. Onlara ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi haqqında kitablar təqdim edilib.
Qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən “24 Ore” biznes məktəbi gənc məzunlar, peşəkarlar və sahibkarlar üçün kurslar təqdim edən ilk İtaliya təlim məktəbidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma