İtirilmiş əşyaların qeydiyyatı və axtarışı xidmətini yerinə yetirəcək “Etap.az” saytı fəaliyyətə başlayacaq
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanda İtirilmiş əşyaların qeydiyyatı və axtarışı xidmətini yerinə yetirəcək “Etap.az” saytı aprelin 15-dən fəaliyyətə başlayacaq.
Layihənin meneceri Kamran Talıbov AZƏRTAC-a bildirib ki, layihənin əsas məqsədi internet imkanlarından istifadə edərək asanlıqla itirilmiş əşya haqqında elan yayımlamaq, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır. Veb versiya kimi təqdim olunacaq “Etap.az” gələcəkdə mobil tətbiq kimi istifadəçilərin istifadəsinə veriləcək. Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, Bakı Metropoliteni, idman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla əməkdaşlıq qurulacaq. Həmçinin, layihənin gələcəkdə region üzrə bazara çıxma ehtimalı da nəzərdə tutulur. “Etap.az” xidmətlərini tamamilə pulsuz təqdim edir. Əsas gəlir mənbəyi kimi saytda reklam imkanları yaradılacaq. “Etap.az” istifadə sadəliyi, istifadəçiyə rahat dizaynı, təkmilləşdirilmiş axtarış sistemi və bütün cihazlara uyğunlaşması ilə seçiləcək.
Layihə “Caspinet” şirkətinin təşkilatçılığı, “Microsoft BizSpark”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə həyata keçirilib.