IX Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilir
Bakı, 25 oktyabr, AZƏRTAC
Bakıda Beynəlxalq Muğam Mərkəzində IX Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilir.
AZƏRTAC xəbər verir ki, festival “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə reallaşır.
Yekun konsertindən əvvəl çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda muğam sənətinə göstərilən qayğıdan danışıb, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən beynəlxalq muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.
“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə qeyd edib ki, Beynəlxalq Uşaq Muğam Festivalı 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır. Builki festivala Azərbaycan da daxil olmaqla, 10 ölkə (Türkiyə, Misir, İran, Özbəkistan, Tacikistan, Tunis, Əlcəzair, Qazaxıstan, Türkmənistan) təmsilçiləri qatılıb. Festival çərçivəsində keçirilən builki müsabiqənin son seçim turu oktyabrın 14-də olub. Bu tura qatılan iştirakçıdan 19-u finala vəsiqə qazanıb. Hər ölkəni bir mütəxəssis də təmsil edir və o, eyni zamanda, beynəlxalq münsiflər heyətinin üzvüdür. Münsiflər heyətinin sədri Xalq Artisti, professor Ağasəlim Abdullayevdir.
Sonra iştirakçıların ifaları başlayıb. Onları B.Salahov adına “Araz” xalq çalğı alətləri ansamblı müşayiət edir. İfalar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Yekun konsert başa çatdıqdan sonra qaliblər elan olunacaq.