İZVESTYA AZƏRBAYCAN İZVESTİYA
TEMATİK ƏLAVƏ
Azərbaycanın əhalisinin tərkibinə dair son məlumat belədir: əhalinin 61 faizini 35 yaşınadək olan gənclər təşkil edir. Ölkənin həyatındakı bu yeni amil hökuməti bir çox iqtisadi və sosial inkişaf planlarında düzəliş aparmağa vadar edir.
1990-cı illərin ortalarından etibarən ictimai-siyasi həyatda başlanmış sabitlik ölkəyə nəinki neft layihələri ilə uğurla məşğul olmaq, həm də başqa sahələrdə, ilk növbədə, təhsil sahəsində islahatlar aparmaq imşkanı verir.
Bu gün gənclərin dəyərlərə meyli dəqiq şəkildə müəyyənləşibdir. Keyfiyyətli təhsil almaq niyyəti, bilik peşə seçimində ön sıraya çıxır. İndi təhsil alanların sayı 2 milyon nəfərə çatır. O cümlədən, ümumtəhsil məktəblərində - 1 milyon 700 min, texniki peşə təhsili məktəblərində və litseylərdə - 66 min, ali məktəblərdə - 120 min nəfərdir.
Ölkənin iqtisadi mənzərəsinin dəyişməsi, inkişaf vektorunun prinsipial şəkildə yüksək texnologiyaya malik istehsalat, mütəhərrik və çevik müəssisələr yaradılması müstəvisinə keçirilməsi, cəmiyyətin informatizasiyası - bütün bunlar zamanın, bazar iqtisadiyyatının hökmüdür. Lakin etiraf etmək lazım gəlır ki, iqtisadiyyatın imkanları respublikanın bu gün malik olduğu kadr imkanlarından, kadr potensialından hələlik geri qalır. Ali məktəblər hər il on minlərlə mütəxəssis buraxır. Onların heç də hamısı özünə layiqli iş tapa bilmir. Bu, Azərbaycanın ən mühüm problemlərindən biridir.
Azərbaycanda gənclər siyasəti, ümumən, dövlət siyasətinin öncül istiqamətlərindən biridir. Ölkədə gənc nəslin dəstəklənməsinin dəiq düşünülmüş sistemi təşəkkül tapır. Bu sistem müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Respublikada 100-dən çox müxtəlif gənclər təşkilatı qeydiyyatdan keçmişdir. İri birliklər də var, nisbətən kiçik olanlar da. Həm də, gənclərin müstəqil təşkilatlanma səviyyəsi çox yüksəkdir. Üç ildən bir keçirilən və ölkənin bütün bölgələrindən nümayəndələrin toplandığı gənclər forumları mühüm ictimai-siyasi hadisəyə çevrilir. Bu forumlarda “Gənclər və din”, “Gənclər və təhsil”, ”Gənclər və ordu” və s. kimi ən müxtəlif problemlər müzakirə edilir.
Bir çox proseslərin təkanverici qüvvəsi kimi, gənclər real siyasətə təsir göstərmək imkanına malikdir, müvafiq qanunvericilik aktlarının qəbul olunmasında iştirak edirlər. Bu isə indi cəmiyyətdə təbii bir hal kimi qarşılanır.
“İzvestiya-Azərbaycan”ın bugünkü buraxılışında dərc etdiyimiz materiallar çağdaş Azərbaycan gəncliyi haqqında, onu düşündürən, narahat edən məsələlər haqqında təsəvvür yaradır.
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə müsahibədə müstəqil Azərbaycanın gənc nəslinin perspektivləri, ölkənin yeniləşdirilməsi planları ilə bağlı, demək olar, bütün məsələlərə toxunulur.
GƏNCLƏR VƏ DÖVLƏT
BÖYÜMƏKDƏ OLAN NƏSLİN PROBLEMLƏRİNİ AZƏRBAYCANDA NECƏ HƏLL EDİRLƏR
Hər dövlət gənclərin problemlərinin həllinə
öz mövqeyindən yanaşır. Bu, əslində, ölkənin strateji
inkişaf məsələsidir. Bu gün Azərbaycanda həmin sahədə vəziyyət aşağıdakı kimidir.
Heydər Əliyevin hakimiyyətə qayıdışından, demək olar, dərhal sonra, 1994-cü ildə yeni bir nazirlik - Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, uşaq və gənclər təşkilatları ilə qarşılıqlı münasibətlər yaratmaq işi bu nazirliyə həvalə edildi.
Elə həmin il “Uşaq hüquqları haqqında” Qanun layihəsi işlənib hazırlandı. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına müvafiq surətdə qəbul edilmiş Qanunda uşaqların bütün əsas hüquq və azadlıqları təsbit olunmuşdur. Bunun ardınca parlament “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun qəbul etdi.
Azərbaycanda aşağıdakı dövlət proqramları işlənib hazırlanmışdır:
- “Gənc ailələrin dəstəklənməsi haqqında”;
- “Gənclərin vətənpərvərlik tərbiyəsi haqqında”;
- “Ordudan tərxis olunmuş gənclərin məşğulluğunun təmin edilməsi haqqında”;
- “İstedadlı uşaqların və yeniyetmələrin dəstəklənməsi haqqında”.
1996-cı və 1999-cu illərdə gənclərin iki ümumrespublika forumu keçirilmişdir. Hər iki forumun işində nümayəndələrlə yanaşı, Prezident başda olmaqla, bütün müvafiq dövlət strukturlarının rəhbərləri də iştirak etmişlər. Sonuncu forumun ümumi və bölmə iclaslarında 200-dən çox nümayəndə çıxış etmişdir. Çıxış edə bilməyənlər öz təkliflərini yazılı şəkildə vermişlər. Prezidentin tapşırığı ilə nazirlik ictimai təşkilatlarla birlikdə forumun materialları əsasında dövlət gənclər siyasətinin həyata keçirilməsinə dair geniş proqram hazırlamışdır.
Bu proqram Prezidentin 1999-cu ilin iyulunda imzaladığı Fərmanla təsdiq edilmişdir. 9 bölmədən və 58 bənddən ibarət proqramda dövlət gənclər siyasətinin , demək olar, bütün istiqamətləri əhatə olunmuşdur. Proqramda sosial problemlərin həllinə, respublikanın ictimai həyatında gənclərin rolunun yüksəldilməsinə, istedadlı uşaqların və yeniyetmələrin dəstəklənməsinə, gənclər arasında beynəlxalq mübadilələrin genişləndirilməsinə dair və s. tədbirlər nəzərdə tutulmuşdur.
Azərbaycanda uşaq və gənclərin mənafeləri ilə bu və ya digər dərəcədə bağlı olan bir çox başqa qanunvericilik aktları da qəbul edilmişdir. 1998-ci ildə “Bədən tərbiyəsi və idman haqqında” Qanun qüvvəyə minmişdir.
“Gənclər siyasəti haqqında” Qanun 2002-ci il mayın 6-da qüvvəyə minmişdir. Bu qanun 3 bölmədən və 14 maddədən ibarətdir. Onun müddəaları 16 yaşından 35 yaşınadək olan şəxslərə şamil edilir.
Qanuna əsasən:
- aztəminatlı ailələrdən olan istedadlı tələbələrə güzəştlər edilir;
- dövlət istedadlı gənclərin respublikanın hüdudlarından kənarda təhsil almağa göndərilməsinə, habelə onların beynəlxalq müsabiqələrdə, elmi konfranslarda və başqa tədbirlərdə iştirakına şərait yaradır;
- istedadlı gənclər üçün xüsusi təqaüdlər, mükafatlar, müavinət və kreditlər təsis edilir;
- ali məktəblərin gündüz şöbələrində oxuyan tələbələr hər pulsuz tibbi müayinədən keçə bilərlər;
- dövlət gənclər üçün mətbuat orqanlarının nəşrinə, televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin hazırlanmasına maliyyə köməyi göstərir;
----------------------------------------------------------------
Son illər Azərbaycanda kadrların gəncləşməsi prosesi ümummilli miqyas alır.
Hazırda dövlət qulluqçularının 80 faizindən çoxu 45 yaşınadək olan adamlardan ibarətdir.
Azərbaycan gənclərinin II Forumunda respublika Prezidenti Heydər Əliyev gənc kadrları yüksək dövlət vəzifələrinə irəli çəkmək vəzifəsini qarşıya qoyduqdan sonra bu proses daha da güclənmişdir.
İndi nazirlər, onların müavinləri, yüksək dövlət orqanlarının şöbə müdirləri arasında yaşı 30-dək olanlar az deyildir.
----------------------------------------------------------------- - bədən tərbiyəsi və idman, mədəniyyət və istirahət obyektlərində uşaqlar, yeniyetmələr və gənclər üçün güzəştlər nəzərdə tutulur;
- yaşayış evi tikmək və ya mənzil almaq üçün gənc ailələrə uzunmüddətli, güzəştli kreditlər və borclar verilir;
- uşaq və gənclərin ictimai qurumlarının təşkilati fəaliyyətini maliyyələşdirmək üçün onlara hər il subsidiyalar ayrılır;
- uşaq və gənclərin ictimai birliklərinin layihə və proqramları hər il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;
- dövlət gənclər arasında beynəlxalq mübadilələrə kömək göstərir, Azərbaycan gənclərinin nümayəndələrinin ən mühüm beynəlxalq tədbirlərdə iştirakına şərait yaradır.
Bundan əlavə, aşağıdakılar da dövlət gənclər siyasətinin öncül istiqamətləri hesab edilmişdir:
- gənclərin sosial problemlərinin həlli /burada gənclərin mənzil problemlərinin həlli, işə düzəlməsinə kömək edilməsi, gənc ailələrə yardım göstərilməsi və s. nəzərdə tutulur/;
- gənclərin fiziki inkişafına kömək göstərilməsi, onların sağlamlığının qorunması üçün tədbirlər görülməsi;
- gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi;
- gənclər arasında hüquq pozuntularının, cinayətkarlığın və narkomanlığın profilaktikası;
- gənclərin intellektual inkişafına kömək göstərilməsi, istedadlı gənclərin dəstəklənməsi;
- gənclər arasında beynəlxalq mübadilələrə kömək göstərilməsi;
- qeyri-hökumət gənclər təşkilatları ilə qarşılıqlı əlaqələr, onların fəaliyyətinin dəstəklənməsi.
Dövlət gənclər təşkilatlarının layihə və proqramlarını maliyyələşdirir - gənclər siyasətinin həyata keçirilməsinə ayrılan büdcə vəsaitinin təxminən yarısı gənclər təşkilatları layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Gənclərin ən kəskin problemləri sosial xarakterli problemlərdir. Bunlar, ilk növbədə, mənzil məsələləri, işsizlik, habelə gənc ailələrin, əlillərin və əhalinin sosial müdafiəyə ehtiyacı olan digər qruplarının qaşılaşdıqları problemlərdir. Ölkədə çox böyük sayda qaçqınların olması vəziyyəti mürəkkəbləşdirir. Onlar bir milyon nəfərdən çoxdur. Bəzi hesablamalara görə, Yerevan ilə Bakı arasındakı münaqişə nəticəsində Azərbaycana 50 milyard dollardan çox ziyan vurulmuşdur.
Nazirliyin hazırladığı “Gənc ailə proqramı” hökumət tərəfindən təsdiqlənmişdir. Proqrama uyğun olaraq, gənc ailələr üçün məsləhət xidmətlərinin şəbəkəsi genişləndirilir, sosial-psixoloji yardım mərkəzləri yaradılır, ailəvi idman növlərinin inkişafına kömək göstərilir.
Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da əmək birjaları fəaliyyət göstərir. İl boyu respublikanın bütün şəhər və rayonlarında əmək yarmarkaları təşkil edilir. Bu yarmarkalar sayəsində hər il minlərlə oğlan və qız işə düzəlir. 2002-ci ildə 4975 gənc işlə təmin olunmuşdur. Onların 240-ı ordudan tərxis edilənlər, 683-ü ali məktəblərin, 1032-si texniki peşə məktəblərinin məzunları, 1977-si orta məktəbi bitirənlər, 1043-ü işsiz gənclərdir. Aqrar sekstorda köklü islahatlar aparılmışdır. Torpaq fondunun əksər hissəsi kəndlilərə paylanmışdır. Ona görə də kənd yerlərində işsizlik problemi, demək olar, yoxdur.
- ------------------------------------------------------
GƏNCLƏR İTTİFAQI NƏ İLƏ MƏŞĞUL OLUR
Azərbaycan Gənclər İttifaqı (AGİ) 1991-ci ildə yaradılmışdır. Milli, dini, irqi və siyasi mənsubiyyətindən asılı olmayaraq, 14-30 yaşlı oğlan və qızları birləşdirir. AGİ-nin iştirakı ilə gənclər siyasəti haqqında qanun layihəsi işlənib hazırlanmış və o, parlament tərəfindən bəyənilərək qəbul edilmişdir. Respublikanın, demək olar, bütün şəhər və rayonlarında ittifaqın şöbələri var.
Öz nəşrləri - “Azərbaycan gəncləri” qəzeti, uşaq jurnalları, uşaq qəzeti buraxılır.
AGİ-nin köməyi ilə Gənclər Teatrı yaradılmış və o, sonralar dövlət teatrı statusu almışdır.
İttifaqın vəzifəsi gənclərin mülki, iqtisadi, sosial, mədəni və digər mənafelərini qorumaqdan ibarətdir.
UŞAQ VƏ GƏNCLƏR TƏŞKİLATLARI HAQQIONDA
Azərbaycan Skaut Assosiasiyası Dünya Skaut Hərəkatı Təşkilatına, Gənc Hüquqşünaslar İttifaqı Beynəlxalq Gənc Hüquqşünaslar Assosiasiyasına, Azərbaycan Demokrat Tələbələr Təşkilatı Avropa Demokrat Tələbələr İttifaqına qəbul edilmişdir.
Fuad MURADOV,
Gənclər Təşkilatları Milli Şurasının baş katibi:
BİZ İQTİDARLA BƏRABƏR SƏVİYYƏDƏ
ÜNSİYYƏTDƏ OLMAQ İSTƏYİRİK
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının
baş katibi Fuad Muradov Dövlət Neft Akademiyasının
məzunudur. O, müasir Azərbaycan gənclərinin tipik
nümayəndəsidir. Fuad təhsilini davam etdirməyə və
aspiranturaya daxil olmağa hazırlaşır. O, “İzvestiya”ya
verdiyi müsahibədə indi yaşıdlarını ilk növbədə
hansı məsələlərin narahat etməsindən danışır.
- Sizin nəslin adamları özlərini necə hiss edirlər?
- Ümumiyyətlə, pis hiss etmirlər. Biz ölkənin müstəqillik illərində boya-başa çatmışıq. Ola bilsin ki, bizi əhatə edən aləm haqqında başqa təsəvvürümüz var. Lakin bizi Azərbaycanda və onun hüdudlarından kənarda baş verən hər şey narahat edir. Sözsüz ki, ölkədə problemlər az deyildir. Buna baxmayaraq, şəxsiyyətin azad inkişafı üçün şərait var.
- Milli Şura özlüyündə nədir və Azərbaycanın gənclər təşkilatları arasında bu quruma nə dərəcədə ehtiyac var?
- Bu Şura 1995-ci il noyabrın 21-də yaradılmış, 1996-cı ilin yanvarında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Milli Şurada gənclərin 46 ictimai təşkilatı təmsil olunmuşdur. Bizim Şura konfederativ birlikdir. O, bir çox qrup və birliklərin fəaliyyətini əlaqələndirir. Gənclərin mənafelərini müdafiə edir, o cümlədən də ümummilli əhəmiyyətə malik məsələlərdə.
- Strukturunuza kimlər daxildir?
- Əslində bütün iri təşkilatlar. Onlar gənclər arasındakı müxtəlif cərəyanların mənafelərini əks etdirirlər. Şuraya könüllülərin, Qarabağ müharibəsi əlilləri və veteranlarının təşkilatları, habelə başqa gənclər təşkilatları da daxildir.
- Bəs sizi birləşdirən nədir?
- Biz də özümüz bu sualı özümüzə tez-tez veririk. Yəqin ki, bizi məqsəd və mənafelərin ümumiliyi birləşdirir. Bizim birlikdə olmağımız sayəsində, Gənclər Təşkilatlarının Milli Şurası Avropa Gənclər Forumuna dərhal qəbul edilmişdir. Özü də belə hallar üçün nəzərdə tutulan sınaq müddətini keçmədən qəbul olunmuşdur. Bizə müşahidəçi statusu müddətini keçmək lazım gəlmədi.
- Bu təşkilata daxil olmaq sizin üçün vacib idi?
- Şübhəsiz. Avropa Gənclər Forumu Avropa Şurasının gənclər məsələləri üzrə mənafelərini təmsil edir. Gənc nəslin hüquqlarının qorunması barədə məruzələr etmək üçün məxsusi hüquqlara malikdir. Yeri gəlmişkən, bizim Milli Şura Azərbaycanın bir dövlət kimi Avropa Şurasına qəbul edilməsindən əvvəl Forumun üzvü olmuşdur. Forumda iştirak etmək bizim üçün çox vacib və perspektivlidir.
- Azərbaycanda gənclərin əsas problemləri hansılardır?
- Başlıca problem işsizlikdir. Bununla əlaqədar nə isə etmək lazımdır. Dövlət gənclərin bir çox problemlərinin həlli üçün çox işlər görür. Məsələn, elə götürək idmanı. Bizdə bu sahədə vəziyyət yaxşıdır.
- Dövlət gənclərlə məşğul olmağa borcludurmu?
- Bu, zəruridir. Gəncləri, sadəcə olaraq, başlı-başına buraxmaq olmaz - bu, cəmiyyət üçün təhlükəlidir. Bizə qəyyumluq etmək lazım deyildir. Bizə, lazım olduqda, kömək etmək gərəkdir. Biz hökumət orqanları qarşısında müxtəlif məsələlər qaldırırıq. Onları birlikdə həll edirik. Belə əməkdaşlıq öz nəticələrini verir. Qalan problemləri özümüz həll edirik. Lakin başlıcası budur ki, biz hakimiyyət orqanlarına dinclik vermirik.
MİLLİ ŞURA KİMLƏRLƏ ƏMƏKDAŞLIQ EDİR
Milli Şura bir çox beynəlxalq təşkilat və birliklərlə əlaqə saxlayır. Şura BMT-nin Gənclər Forumu ilə, MDB-nin üzvü olan ölkələrin gənclər təşkilatları və milli şuraları ilə, Böyük Britaniyanın “LİNKS” təşkilatı, Almaniyanın Gənc Liberallar Təşkilatı, Türk Gənclərinin Ümumdünya Birliyi ilə münasibətləri inkişaf etdirir.
* “İZVESTİYA”NIN ARAYIŞI
Avropa Gənclər Forumu qeyri-hökumət, qeyri-siyasi gənclər təşkilatıdır, bütün Avropa məkanında işləyir və Avropa Şurasının ideoloji məramnaməsi əsasında fəaliyyət göstərir. 1996-cı ilədək, əslində, Avropa Şurasının strukturu olmuşdur. Forum hökumətlərlə və xarici siyasət idarələri ilə, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Azərbaycan gəncləri Foruma daxil olmaqla Avropa məkanına çıxmaq üçün geniş imkanlar qazanmışlar ki, bu da yeni və müstəqil Azərbaycan üçün çox önəmlidir. Azərbaycan gəncləri Forum vasitəsilə dünyanın digər gənclər təşkilatları ilə əməkdaşlıq qurmağa başlamışlar.
Emil QULUZADƏ, tələbə:
PREZİDENTİN QƏBULUNDA OLMAQ ŞƏRƏFİ HEÇ DƏ HƏR TƏLƏBƏYƏ NƏSİB OLMUR
Azərbaycanda ilin ən yaxşı abituriyentlərini təntənəli
şəraitdə təbrik etmək ənənə halını almişdir. Gənclərin ən
yaxşı nümayəndələrinin müvəffəqiyyətinin ictimaiyyət qarşısında qeyd edilməsi əsla protokol tədbiri deyildir. Təbrik mərasimi ümummilli əhəmiyyətə malik hadisəyə çevrilir. Bu yaxınlarda Azərbaycanın rəhbəri test imtahanlarında ən yüksək ballar toplamış 25 abituriyenti qəbul etmişdir. Prezident ali məktəblərə qəbul zamanı ən çox fərqlənənlər üçün hər il xüsusi təqaüd təyin edir.
Müsahibimiz 25 ən yaxşı abituriyentdən biri - Bakı Dövlət Universitetinin iqtisadi kibernetika fakültəsinin birinci kurs tələbəsi Emiı Quluzadədir. O, pulsuz təhsil almaq üçün zəruri olan 600 bal əvəzinə, 693 bal toplamışdır.
- Emil, siz gözləyirdinizmi ki, respublika Prezidenti ən yüksək ballar toplayan tələbələrə belə diqqət göstərəcəkdir?
- Bəli. Ötən il Prezidentin ən yaxşı abituriyentləri qəbul etdiyni unutmamışdım. Odur ki, mən də ən yaxşılardan biri olmağa çalışırdım. Axı, başqa fakültələrlə müqayisədə bizdə bir yerə kifayət qədər böyük müsabiqə vardı. İş elə gətirdi ki, bizim qrupda, iqtisadi kibernetika fakültəsində ən yüksək bal toplayan mən oldum.
- Prezidentlə görüşdən əvvəl həyəcan keçirirdinizmi? Axı, yaşıdlarınızdan heç də hər biri onu Prezidentin qəbul etməsi ilə öyünə bilməz...
- 25 ən yaxşı abituriyent siyahısına düşən hər kəs kimi, mənə də eyni diqqət göstərildi. Təbii ki, mən fəxr edirdim. Axı, həqiqətən, ölkə Prezidentinin qəbulunda olmaq şərəfi heç də hər tələbəyə nəsib olmur. Əlbəttə, müəyyən qədər həyəcanlanırdım, lakin artıq görüş zamanı bu, keçib getdi. Yəni, Prezidentlə görüşdən və onunla söhbət başlanmazdan əvvəl hey fikirləşirdim ki, o, necə bir insandır.
- Yəqin, indi müəllimlərdə sizə xüsusi diqqət və münasibət var?
- Görürəm ki, onlar mənimlə başqa tələbələr arasında fərq qoymurlar, qalan hamıya necə münasibət göstərirlərsə, mənə də eyni cür yanaşırlar.
- İqtisadi kibernetika - bu, sizin öz seçiminizdir?
- Bu fakültəni mən özüm seçmişəm.
- Bəs buna qohumlarınız və dostlarınız necə baxdılar?
- Mənim daxil olmağım onlar üçün də gözlənilməz olmadı. Onlar mənə inanırdılar. Mən respublika səviyyəli riyaziyyat olimpiadalarında dəfələrlə iştirak etmişdim. Əgər ötən il 3-cü yeri tutmuşdumsa, bu il olimpiadanın qalibi oldum.
- Bəs öz gələcəyinizi necə təsəvvür edirsiniz? Nə ilə məşğul olmaq niyyətindəsiniz?
- Universiteti bitirdikdən dərhal sonra Avropa universitetlərindən birinin magistraturasına daxil olmağı planlaşdırıram. Təhsilimi Avropada davam etdirməyi çox istərdim - əlbəttə, sonra Azərbaycana qayıdıb işləmək şərtilə. İxtisasım iqtisadi kibernetika olduğuna görə, iqtisadiyyat sahəsində daha çox işləmək istərdim. Bir də namizədlik dissertasiyasi müdafiə etmək arzusundayam...
- Kibernetikadan başqa, daha nə ilə maraqlanırsınız?
- Əsasən riyaziyyatla, habelə futbol və musiqi ilə. Ailəmizdə riyaziyyatçılar var, texniki elmlərə marağım da buradan irəli gəlir. Babam və əmim riyaziyyatçıdır, atamın fəaliyyət sahəsi isə mexanikadır. Bir sözlə, məndə riyaziyyata marağı uşaqlıqdan yaratmışlar.
- Yəqin, şahmatı da yaxşı oynayırsınız?..
- Pis oynamıram, lakin bu, hər halda rəqibin səviyyəsindən asılıdır. Ümumiyyətlə, məndə hansısa bir fərqləndirici xüsusiyyət yoxdur.
- Gələn il ali məktəblərə imtahan verəcək gənclərə nə arzu edərdiniz?
- Demək istərdim ki, hər şey onların özlərindən asılıdır. Başlıcası, oxumaqdır.
Aytac ŞƏRİFZADƏ
İlham ƏLİYEV,
AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ:
GERİYƏ BOYLANMAQLA UZAĞA GEDƏ BİLMƏZSƏN
Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham ƏLİYEV gənclərin problemlərini bu işə bilavasitə cavabdeh olan başçılardan az bilmir. Deyilənlərə görə, MOK-un rəhbəri çoxlarını belə düşünməyə vadar etmişdir ki, idman - təkcə sırf idman demək deyildir, bundan daha böyük anlayışdır. Bu, sağlam həyat tərzi sistemidir. Azərbaycanda müasir gənclik necədir, hansı problemlərlə üzləşir, hansı perspektivlərə malikdir - “İzvestiya” qəzetinin Milli Olimpiya Komitəsinin Prezidenti ilə müsahibəsi bu barədədir.
- İlham Heydərovic, sizin fikrinizcə, Azərbaycan kimi gənc dövlətdə, gənc ölkədə dövlət gənclər siyasəti nədən ibarətdir və nədən ibarət olmalıdır?
- Siz düz dediniz ki, dövlətimiz gəncdir, həm müstəqil dövlət kimi mövcud olduğu müddətə görə, həm də əhalisinin tərkibinə görə gəncdir. Bizdə, əgər belə demək mümkündürsə, uşaqlar və gənclər təbəqəsi çox böyükdür, ümumiyyətlə, millətimiz gəncdir. Buna görə də, əlbəttə ki, ümumən, əhalinin böyük faizini təşkil edən gənclərin, yeniyetmələrin daimi qayğıya və köməyə ehtiyacı vardır. Bu isə Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilir. Gənclər siyasəti ilbəil təkmilləşir. Çoxlu gənc kadr məsul vəzifələrə irəli çəkilir, xeyli gənclərimiz Azərbaycanın hüdudlarından kənarda - həm Rusiyada, həm də dünyanın bir çox digər ölkələrində təhsil alırlar. Onlar təcrübə, bilik toplayır, ən başlıcası isə budur ki, onların çoxu sonradan Azərbaycana qayıdır.
Bu siyasət Azərbaycanda əvvəllər, 1970-ci illərdə də həyata keçirilirdi. O zaman hər il Azərbaycanın minə qədər tələbəsi müsabiqədənkənar Moskva, Leninqrad, Kiyev və digər şəhərlərin müxtəlif ali məktəblərinə oxumağa göndərilir və yaxşı mütəxəssis olurdular. Beləliklə, Azərbaycan gənc nəsl üçün tədris bazasını genişləndirərək, istedadlı və bacarıqlı gənclərin üzə çıxmasına əlavə imkanlar yaradırdı.
Sualınızın cavabı belədir: gənclərə münasibətdə dövlət siyasətinin mahiyyəti həqiqətən lazım olan sahələrdə onlara daim diqqət yetirmək və kömək göstərməkdən ibarət olmalıdır. Gənclərə qayğı dövlətimizin ən əsas prioritetlərindən biridir.
- Bu gün Azərbaycanın gənc nəslə real kömək göstərmək imkanları nə dərəcədədir?
- Azərbaycanın müstəqil dövlət kimi bərqərar olduğu ilk mərhələdə, ötən əsrin 90-cı illərinin əvvəllərində gənclər siyasəti, demək olar ki, ümumiyyətlə yox idi. Gəncələrə heç bir diqqət göstərilmirdi, onların bir çoxu müharibədə (Ermənistanla müharibə nəzərdə tutulur. - Red.) həlak olmuş, çoxları lap gənc yaşlarında zərər çəkmiş, əlil olmuşdur. Bu, bizim üçün sağalmaz yaradır və sakitləşməyən ağrıdır...
Buna görə də dövlət gənclər siyasətinin formalaşmasının birinci mərhələsi çox çətin idi. Üstəlik, dövlətin gənclərlə ciddi surətdə məşğul olması üçün vəsaiti də yox idi. Azərbaycanda iqtisadi hərc-mərclik və dağıntı hökm sürürdü. Gənclər, necə deyərlər, yada düşmürdü. Lakin təxminən 1995-ci ildən, Azərbaycanın iqtisadi və sosial həyatında sabitləşmənin başladığı vaxtdan bu məsələyə böyük əhəmiyyət verilir. Gənclər, İdman və Türizm Nazirliyi yaradılmışdır. Məncə heç də bütün ölkələrdə belə nazirlik yoxdur. Coxsaylı gənclər təşkilatları yaranmışdır. Beləliklə, gənclər həyatın bütün sahələrində iştirak edirlər. Parlamentdə də seçkilərdən-seçkilərə gənclərin sayı artır, dövlət idarəetmə orqanlarında da həmçinin. Bu isə çox müsbət meyldir, çünki bütün bu adamlar təxminən 20-30 ildən sonra ölkəmiz üçün məsuliyyət daşıyacaqlar.
-Kiminlə söhbət edirsən, nədənsə, hamı belə hesab edir ki, gənclər siyasəti mücərrəd bir şeydir. Bu doğrudanmı belədir?
-Əgər söhbət bəyanatlar, şüarlar, çağırışlar səviyyəsində gedirsə, əlbəttə, belədir. Real siyasət səviyyəsində isə hər şey başqa cürdür. Tamamilə başqa cürdür.
Ölkəmizdə yeni nəslin formalaşmasında idmana xüsusi yer ayrılır. İdman- nailiyyətlərin əyani ifadəsidir, bu, elə bir sahədir ki, gənclər konkret nəticələrlə özlərini göstərə bilərlər. Buna görə də Azərbaycanda kütləvi idmanın inkişafı geniş vüsət almışdır. Nailiyyətlərimizin ən sevindirici cəhəti odur ki, uşaqlar, yeniyetmələr bu proseslərə fəal cəlb olunmuşlar. Təbiidir ki, əgər onlar idmanla məşğul olurlarsa, başqa lazımsız işlər barəsində düşünməyə onların nə vaxtı, nə də həvəsi qalır.
Ən böyük müsbət fakt ondan ibarətdir ki, 1990-cı illərin əvvəllərində gənclər arasında mövcud olan mənfi meyllər aradan qaldırılmışdır. O zaman hələ bərkdən-boşdan çıxmamış gəncləri kriminal mühitə sürükləyir, qeyri-qanuni silahlı birləşmələrə cəlb edirdilər. Gənc adam, onun pisixologiyası elədir ki, o, müxtəlif təsirlər altına tez düşür. Təəssüf ki, o zaman Azərbaycan cəmiyyətində mövcud olan qeyri-sağlam qüvvələr gəncləri fəal surətdə qanunazidd əməllərə təhrik edir, onları bədbəxt edirdilər. Ağılsızlıq ucbatından belə mühitə düşmüş gənclərin çoxu sonralar bunun üçün çəza cəkməli olmuşlar. Əlbəttə, bütün bunların əsas təqsirkarı onların yox, gəncləri bu işə təhrik edənlərin üzərinə düşür.
İndi artıq belə hallar yoxdur. Bu gün Azərbaycanda gənclərin əksəriyyəti özünü layiqli aparır. Gənclər ölkəmizdə görülən bütün işlərdə fəal iştirak edirlər.
Ən başlıcası isə, gənclərdə vətənpərvərlik ruhu, öz ölkəsinə məhəbbət hissi, Azərbaycanı çiçəklənən dövlətə çevirmək arzusu çox güclüdür. Buna görə də indi gənclərin normal mühitdə, həm siyasi, həm sosial, həm də iqtisadi cəhətdən normal mühitdə formalaşması üçün hər cür şərait vardır və ölkəmiz inkişaf etdikcə, bu meyllər daha da artacaqdır.
-Dövlət özünün gənclər siyasətində ilk növbədə hansı əsas istiqamətlərə diqqət yetirir?
-Bu gün, məsələn, gənc nəsli işlə təmin etmək çox vacibdir. Xüsusilə də ali məktəbi bitirdikdən sonra işədüzəlmə problemləri ilə üzləşən gəncləri. Bunun üçün, təbiidir ki, iqtisadiyyat müvafiq sürətlə inkişaf etməlidir. Bu sahədə son vaxtlar çox iş görülmüşdür. Məsələn, mən deyə bilərəm ki, neft sahəsində son bir neçə ildə 30 mindən artır yeni iş yeri açılmışdır. İqtisadiyyatın digər sahələrində, xüsusilə özəl sektorda da belə proses gedir. İndi Azərbaycanda ÜDM-də özəl sektorun payı 71 faizdir. Bu, bazar iqtisadiyyatının inkişafının göstəricisidir.
Bu iş davam etdirilir. Dövlətin vəzifəsi yeni iş yerləri açmaqdan, biznes üçün əlverilşli şərait yaratmaqdan ibarətdir. Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçirilir və ümumi paketdə dövlət sektorunun payı əhəmiyyətli dərəcədə azalır.
Məsələn, kənd təsərrüfatını götürsək, burada artıq 100 faiz özəlləşdirmə həyata keçirilmişdir. Ticarət və xidmət sahələri də 100 faiz özəlləşdirilmişdir. Nəqliyyat və digər sahələr də bazar iqtisadiyyatı şəraitində işləyir. Buna görə də indi Azərbaycanın qarşısında duran əsas vəzifə təbii ehtiyatlardan, uğurla həyata keçirilən neft strategiyasından ağılla istifadə etməkdən və ölkə iqtisadiyyatının gələcəkdə tarazlı inkişafı üçün artıq bu gün mövcud olan imkanlardan daha səmərəli istifadə etməkdən ibarətdir. Çünki neft bizim üçün, - mən bunu dəfələrlə demişəm, - məqsədimizə çatmaqdan ötrü, yaxşı iqtisadi şərait yaratmaq üçün vasitədir, həm ölkəmizdə ənənəvi olan, həm də bütün dünya üçün aktual olan yeni istehsal sahələrinin Azərbaycanda inkişaf etməsi üçün vasitədir. Bu istiqamətdə fəal iş gedir.
- İndi ölkənin iqtisadiyyatı nə vəziyyətdədir?
- Azərbaycan iqtisadi inkişaf səviyyəsinə - həm adambaşına sərmayələrin həcminə, həm də ümumi daxili məhsulun artımına görə MDB ölkələri arasında birinci yerdədir. Məsələn, bizdə beş il ərzində UDM 54 faiz, yəni ildə 10 faiz və daha çox artmışdır. Həm də bu artım mənfi yox, müsbət göstəricidən götürülür. Bu isə sabitlikdən, Azərbaycanda iqtisadiyyatın həqiqitən yüksələn xətlə inkişafından xəbər verir.
- Xahiş edirəm, bu sualın davamı olaraq deyin, bölgələrin inkişafına, orada iqtisadiyyatın qeyri-neft sektorunun yaradılmasına dair hansısa bir investisiya proqramı mövcuddurmu?
- Bildiyimə görə, belə proqram hazırlanır. Biz özümüzə rəva görə bilmərik ki, neft sahəsinin verdiyi imkanlar hansısa bir arxayınçılıq, qürrələnmə hissi yaratsın. Neft gec-tez tükənir. Lakin bu, Azərbaycanda bəlkə də yüz ildən sonra baş verəcəkdir, hər halda, bu məhsul sonsuz deyildir.
Ölkəmizdə bundan sonra on illiklər ərzində də sabit artım və inkişaf olması üçün, təbiidir ki, iqtisadiyyat neft amilindən istifadə etməli və neftdən və neftin qiymətindən asılılıqdan tamamilə azad olmalıdır. Bu məqsədlə hazırlanan proqrama emal sənayesində, kənd təsərrüfatında yeni istehsal sahələrinin yaradılması daxildir, çünki bu sahələrdə bizim çox böyük potensialımız vardır. Lakin təəssüf ki, emal müəssisələri hələlik kifayət qədər deyildir.
Turizmin inkişafı da əsas sahələrdən biridir. Azərbaycanda yaxşı iqlim şəraiti, müxtəlif iqlim zonaları olsa da, təəssüf ki, son vaxtlaradək turizm inkişaf etməmişdir. Ola bilsin, bunda təbii proseslər rol oynamışdır, çünki Azərbaycan indiyədək Ermənistanla müharibə vəziyyətindədir və bu müharibə nəticəsində Ermənistan ərazilərimizin 20 faizini işğal etmişdir. Bəlkə də bu, potensial turistləri qorxutmuşdur, ola bilsin, indinin özündə də qorxudur. Azərbaycana kənardan baxanlar yəqin ki, bizdə ictimai-siyasi sabitliyin tam bərqərar edildiyini, heç bir təhlükə və qorxu olmadığını, gecəyarı təkbaşına şəhərin kücələrinə çıxıb, rahat gəzmək mümkün olduğunu tam təsəvvür etmirlər.
Halbuki, keçmişdə, ələlxüsus da yay aylarında Sovet İttifaqının hər yerindən, Şərqi Avropa ölkələrindən respublikamıza çoxlu turist gələrdi. Ölkəmizdə dəniz sahilində, dağların qoynunda turizm və dincəlmək üçün yaxşı şərait vardır. Dünyada mövcud olan 12 iqlim zonasının 9-u Azərbaycanda mövcuddur. Çox qısa müddət ərzində bir iqlim zonasından digərinə düşmək mümkündür. Turizm baxımdan bizim böyük potensialımız var.
-Həm də iş yerlərinin yaradılması üçün?
-Bəli, xidmət sahəsində, əlbəttə, xidmətlər göstərilməsi sahəsində. Biz bölgələri inkişaf etdirəcəyik, lakin ən vacibi odur ki, Azərbaycan tarazlı şəkildə inkişaf etsin. Təəssüf ki, indi bütün iqtisadi potensial Bakıda cəmləşmişdir. Lakin, yəqin ki, bu da indiki dövr üçün təbii prosesdir. Amma bölgələr də müstəqil inkişaf edə bilməlidir. Hazırda Bakı istisna olmaqla, Azərbaycanın bütün bölgələri dotasiya ilə yaşayır. Vəzifə məhz ondan ibarətdir ki, onların hər biri özü-özünü təmin etsin, bunun üçün şərait var, imkanlar da yaradılır. Biz bu sahədə çox fəal işləməliyik.
-Sizin fikrinizcə, iqtisadiyyatı inkişaf etdirmək üçün ölkənin nə kimi potensialı vardır?
-Daxili tələbat üçün yeni istehsal sahələri yaradılmalıdır. Əlbəttə, Azərbaycanın məhsullarını xarici bazarda da görmək çox yaxşı olardı, lakin yəqin ki, bu barədə danışmaq hələ tezdir. Biz, ilk növbədə, ölkə daxilində idxalı əvəz edən istehsal sahələri yaratmalıyıq ki, idxalı təbii yolla mümkün qədər azaldaq. Bu proses artıq gedir. Yeni istehsal sahələri yaradılır. Azərbaycanın idxalında istehlak mallarının payı azalır. Lakin istərdik ki, bu proses daha sürətlə getsin. Bunun üçün isə mütləq emal müəssisələri, Azərbaycanın özündə bazarı olan istehsal sahələri yaradılmalıdır.
Məsələn, biz boru prokatı zavodunun bərpa edilməsinə çox böyük ümidlər bəsləyirik. Azərbaycanın boruya tələbatı ilbəil artacaqdır, bu, elə bir sahədir ki, onun üçün xarici bazarda satıcı axtarmaq lazım deyildir.
-Buna imkan varmı? Bax, məsələ bundadır.
-Əlbəttə, hər şey iqtisadi potensialdan asılıdır. İndi iqtisadi potensial yaradılır, bu gün Azərbaycanda valyuta ehtiyatı büdcəni üstələyir. Məsələn, təxminən 1 milyard 200 milyon dollardır - bu, son beş-altı ildə yaradılmış valyuta ehtiyatlarıdır. Bu ehtiyatlar daha da artırılacaqdır. Bizdə iqtisadi inkişafın, neft layihələrinin həyata keçirilməsindən əldə ediləcək gəlirlərin bütün proqnozları vardır, yəni Azərbaycanda çox böyük maliyyə potensialı toplanacaqdır. Başlıca vəzifə, sadəcə olaraq, onu düzgün yerləşdirməkdən və sərmayələrə yönəltməkdən ibarətdir.
-Müsahibənin əvvəlində siz idman mövzusuna toxundunuz. Azərbaycanda deyirlər ki, Milli Olimpiya Komitəsi hər hansı bir ictimai idman təşkilatından daha böyük qurumdur. MOK cəmiyyətin fəaliyyətinin bütün sahələrinə, təkcə idmana, gənc idmançılara köməyə yox, həm də ümumiyyətlə gənc istedadlara, bütövlükdə isə bütün gənc nəslə təsir göstərir. Bu baxımdan MOK-un fəlsəfəsi nədən ibarətdir?
-Olimpiya komitəsinin rəhbəri kimi mənim qarşıya qoyduğum əsas məsələ gənc insanların idman bölmələrinə getməklə bağlı itirilmiş arzularını yenidən özlərinə qaytarmaqdır. Bunun üçün nə etmək lazım idi? Biz ilk növbədə idman federasiyalarının rəhbərlərini tamamilə dəyişdik. Rəhbərliyə yeni adamlar - təşkilatçılar gəldilər. Biz Azərbaycanda gənc idmançılara kömək göstərilməsinə diqqət yetirməyə başladıq. Onlara həm mənəvi, həm də maddi kömək göstərdik. Olimpiya Komitəsinin xüsusi təqaüdlərini təsis etdik və 100-ə yaxın idmançı, məşqçi, eləcə də veteran hər ay bu təqaüdləri alır və bununla da öz maddi vəziyyətlərini yaxşılaşdırırlar.
Bakı meriyası ilə birgə idmançılara, məşqçilərə mənzil verilməsinə kömək göstəririk. İdmançıların əməyi ilk növbədə qiymətləndirilməlidir. İdman həyatı qısa olur. Bir qayda olaraq, idmançılar bütün canını idmana qoyurlar. Sonra isə idmançı ya zədələndikdə, yaxud da idmanı tərk etməli olduqda, onu yaddan çıxarırlar. Bax bunun baş verməməsi üçün idmançı əmin olmalıdır ki, onun qayğısına qalacaqlar. Əmin olmalıdır ki, əgər yaxşı nəticələr qazanırsa, hətta idmandan getdikdən sonra da onu yaddan çıxarmayacaqlar. Bax, indi bizdə belədir.
Bizim görkəmli idman ustalarımız bu gün gənclərin sevimliləridir, gənclər onlardan nümunə götürürlər.
Növbəti addım bütün regionlarda idmanla məşğul olmaq üçün şərait yaratmaqdan ibarətdir. Təəssüf ki, bizdə Bakıdan kənarda heç bir ciddi idman qurğusu yox idi. Sovet dövründə tikilənlər isə yararsız vəziyyətə düşmüşdür. Yeniləri isə yaradılmırdı. Buna görə də biz proqram hazırladıq və onun əsasında iki ildən sonra dörd müasir idman kompleksi inşa etdik. Onların ikisi Bakıda, biri Naxçıvanda, biri isə Gəncədədir. Şəkidə daha bir idman qurğusu öz açılışını gözləyir.
-Azərbaycan gəncləri yeni dünyada, müstəqil dövlət şəraitində özlərini hansı mövqedən göstərirlər?
-Bilirsiniz ki, sual birmənalı deyildir. Bugünkü gənclər, yəni 20 yaşlı, bəlkə də 25 yaşlı gənclər Azərbaycanın keçmişindən, Sovet Azərbaycanından, o vaxtkı sistemdən tamamilə ayrılmışlar. Buna görə də, bir tərəfdən, onlar üçün asandır - bu gənclər şüurlu həyata müstəqil ölkə şəraitində qoymuşlar, digər tərəfdən, onların təcrübəsi yoxdur - nəyi nə ilə müqayisə etməyi bilmirlər. Məsələn, biz bilirik. Sovet hakimiyyəti dövründə insanlar, bəlkə də, iqtisadi baxımdan daha yaxşı yaşayırdılar, lakin hamı eyni səviyyədə yaşayırdı. Amma, deyək ki, özünüdərk baxımından, hər halda, böyük bir dövlətin yalnız bir hissəsi idilər.
Bu gün biz müstəqil dövlətik. Bu, ən böyük nailiyyətidir. Zənnimcə, hər bir xalq üçün, xüsusən, böyük tarixə malik olan Azərbaycan xalqı üçün ən böyük nailiyyətdir. Bugünkü gənclər artıq yeni reallıqda, müstəqillik şəraitində, mürəkkəb şəraitdə böyümüş və formalaşmışdır. Azərbaycanın müstəqillik qazanması Ermənistanın təcavüzünə məruz qaldığı dövrdə təsadüf etmişdir. Bu təcavüzün törətdiyi ağır faciəni hamı hiss etmişdir. Torpaqlarımızın bir hissəsi indiyədək işğal altındadır. Qaçqınlar problemi çox ağır problemdir. Onlar normal təhsil almaq, normal şəraitdə yaşamaq imkanından məhrumdurlar. Onlar çadır düşərgələrində boya-başa çatır, çadır düşərgələrində evlənirlər. Bu, Azərbaycan cəmiyyəti üçün çox böyük problemdir. Bu ədalətsizlik, Azərbaycana qarşı təcavüz amili, şübhəsiz ki, Azərbaycan gənclərinin beyninə həkk olunmuşdur. Münaqişənin ədalətli həllinə nail olmaq - işğal olunmuş əraziləri azad etmək arzusu gənclərimizdə çox güclü inkişaf etmişdir.
Azərbaycanda gənclər əhalinin fəal hissəsidir, bütün proseslərdə iştirak edir, bəzən həmin proseslərə təsir də göstərirlər. Azərbaycan gənclərinin bu gün formalaşması - sağlam həyat tərzinə, biliklərə can atması gənclərlə sıx bağlı olan bir insan kimi şəxsən məni çox sevindirir. Gənclik düzgün istiqamətdə formalaşır, çox layiqli nəsl yetişir. Onlar 20-30 ildən sonra Azərbaycana rəhbərlik edəcəklər.
-Azərbaycanda 35 yaşınadək gənclər indi əhalinin yarıdan çoxunu təşkil edir. Bu gənclərin sosial portretini təsvir edə bilərsinizmi?
Ümumən götürsək, bu, əlbəttə, məktəblilər və tələbələrdir. Sonrakı kateqoriya, ələlxüsus, şəhərlərdə biznesə, yeni texnologiyalara meyl edir. Sevindirici haldır ki, bu gün gənclərin çoxu hələ on il bundan əvvəl Azərbaycanda çox az adamın bildiyi peşələrə yiyələnir. Kompüter şəbəkəsi çox inkişaf etmişdir. Gənclər xarici dilləri həvəslə öyrənirlər. Azərbaycanda gənc yaşından bir neçə dil bilənlər vardır. Bu, dünyanı dərk etməyə can atmaq beməkdir. Dilləri bilmək, digər ölkələrlə birbaşa ünsiyyətə girməyə imkanı verir.
Kənd cavanlarının marağı bir qədər başqa cürdür. Onlar kənd təsərrüfatı və sahibkarlıqla məşğul olurlar. Şəhərdə yaşayan gəncin sosial portretini, obrazını yaratsaq, mənə elə gəlir ki, o, xalqnın adət-ənənələrini özündə cəmləşdirmiş, habelə ölkənin hüdudlarından kənarda nələr olduğundan edildiyindən yaxşı baş çıxaran yüksək mədəniyyətli insandır. Prinsip etibarilə Azərbaycanın intellektual potensialı çox yüksəkdir. Bilikli adamların sayı olduqca çoxdur.
- Onların bir qismi səadət sorağı ilə ölkədən çıxıb gedir. Siz bu problemə necə baxırsınız? Bu pisdir? Vətənpərvərliyə ziddir?
- Əlbəttə, onların çoxu ölkəyə böyük fayda gətirir. Bəli, çıxıb gedənlər də var. Amma mən hesab edirəm ki, bu, müsbət prosesdir, çünki insan ancaq öz ölkəsinin çərçivəsinə qapanıb qala bilməz - insan nə qədər çox bilsə, tanısa, görsə, öyrənsə bilik və təcrübə sarıdan bir o qədər çox zənginləşər. Axı, o, xaricdə də azərbaycanlı, öz torpağının oğlu və ya qızı olaraq qalır. Ümumiyyətlə, azərbaycanlılarda bir milli xüsusiyyət var - onlar öz torpağını həmişəlik atıb getmirlər. Gəlib-gedirlər. Qayıdırlar.
- Çağdaş Azərbaycan gənclərinin dəyərlərə meyli necədir? Bu, nədir - təhsildir, ailədir, puldur, yoxsa, başqa bir şeydir? Əsas istiqamətlər varmı?
- Görünür, hərəsindən bir az var. Amma, hər halda, mənə elə gəlir, yaxud düşünmək istərdim ki, ailə dəyərləri birinci yerdədir. Ailə cəmiyyətin əsasıdır. Azərbaycan üçün bu, ənənəvi olaraq, həyatın çox mühüm təsisatıdır. Hər şey ailədən başlanır. Bizdə deyirlər ki, əgər ailəndə qayda-qanun və yekdillik yoxdursa, kənarda hansısa uğura ümid bəsləyə bilməzsən. Ahıllara münasibət, böyüklərə hörmət, habelə valideynlərin uşaqlara münasibəti - bütün bu amillər qarşılıqlı surətdə bağlıdır. Azərbaycanda bütün ailələr, sözün yaxşı mənasında, ictimai münasibətlərin əsasıdır. Bəzən “ailə” və ya “nəsil” sözü mənfi çalar kəsb edir. Görünür, bu, başqa ölkələrdəki kimi, Azərbaycanda da ola bilər. Ümumiyyətlə isə, bizim anlamımızda ailə, ilk növbədə, insanı formalaşdıran, ləyaqətsiz əməllərdən çəkindirən qurumdur. Ailədə düzgün başa düşülməməkdən və ya öz əməllərinə görə ailə qarşısında, ailənin üzvləri qarşısında cavab verməli olmaqdan betər heç nə yoxdur. Məsələn, bizdə kimsə bir pis iş tutduqda deyirlər ki, bir gör, necə adamdır, bəs o, uşaqlarının gözünə necə baxacaq, uşaqlar beləsinə hörmət edəcəkmi? Demək istəyirəm ki, başlıcası budur.
Ona görə də belə düşünürəm ki, ailə dəyərləri, ənənələri birinci yerdədir. Əlbəttə ki, qalanlarını da rədd etmək olmaz. İndi gənc nəsil aydın başa düşür ki, yaxşı təhsil almadan həyatda nəyəsə nail olmaq çətindir. Nə gizlədim, əvvəllər Azərbaycanda hamı əyri, ya düz, fərqi yoxdur, hansı yolla olursa-olsun, nəyin bahasına olursa-olsun, ali təhsil almağa və diplom əldə etməyə can atırdı. Diplom, bir növ, yol açırdı. Bu gün biliksiz diplom heç nəyə yaramır. Gənc nəsil bunu gözəl başa düşür. İndi diplom bir kağız, bir vasitə kimi, ola bilsin, haradasa hələ işə keçir, amma əvvəlkindən çox-çox az. Cəmiyyətdə və ya işdə yaxşı yer tutmaq üçün mükəmməl təhsil almaq meyli də bu gün mühüm stimuldur. İşləmək bacarığı da həmçinin.
-Gənc nəsl bazar iqtisadiyyatına nə dərəcədə uyğunlaşmışdır və ya uyğunlaşırmı?
-Bütün yüksək texnologiyalı sahələr, informatika, ilk növbədə, gənclərin xidmətidir. Nə qədər təcrübəli rəhbərlərimiz olsa da, müasir istehsalat gənclərin işidir. Özü də bundan qorxmaq lazım deyildir. Həyatın müasir sürətinin öz tələbləri var.
Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri mahiyyətcə artıq tam qəbul edilmişdir. Odur ki, əvvəllər olduğu kimi, işə gəlib, heç nə etmədən əmək haqqı almaq mümkün deyildir. Firavan yaşamaq üçün işləmək, özü də möhkəm işləmək lazımdır. Bu anlam da mövcuddur. Bazarın tələb etdiyi yeni ixtisaslara yiyələnməyin vacib olduğu da başa düşülür.
Yəqin ki, fikir vermisiniz, indi Bakıda nə qədər binalar - müxtəlif ofislər, yaşayış evləri tikilir. İlk mərhələdə bütün inşaatçılar Türkiyədən gələnlər idi. İndi inşaatçıların hamısı bizimkilərdir. Nə üçün? Çünki öyrəniblər. Yaşamaq və işləmək istəyirsənsə, öyrənməlisən. Öyrənmişlər. Heç də əcnəbilərdən pis tikmirlər. Yaxşı yaşamaq üçün, yaxşı da işləmək lazımdır.
- Azərbaycanda onlarca gənclər təşkilatı var. Siz bu faktı parçalanma kimi qəbul edirsinizmi?
-Xeyr. Bu, daha çox gənclərin özünüifadə arzusudur, bu, özfəaliyyətdir. Sovet semantikasından uzaqlaşsaq, deyə bilərik ki, sərbəst fəaliyyət. Bunda pis heç nə görmürəm. Biz gənclər təşkilatlarının sayını azalda bilmərik və azaltmaq da istəmirik. Gənclərə məxsus bəzi keyfiyyətlər - maksimalizm, özünütəsdiqə cəhd, nə isə etmək arzusu sonralar ötüb keçir. Buna görə də, təşkilatların sayı onu göstərir ki, gənclərin arasında ümumi kütlədən seçilmək istəyənlər, özünü əvvəllərdəki kimi, hansısa vahid strukturda, komsomolda göstərmək istəməyənlər çoxdur.
Digər tərəfdən, unutmaq lazım deyil ki, onlar kosmosda deyil, bizim yanımızda fəaliyyət göstərirlər. Biz birlikdə addımlamalı, əməkdaşlıq etməli, onların rəyini nəzərə almalıyıq. Yalnız mövqeləri diskussiya xarakteri daşıdığı üçün onları özümüzdən kənarlaşdırmamalıyıq.
- Belə fikirlər eşitmişik ki, əgər iri sənaye müəssisələri dirçəldilərsə, Azərbaycanın bütün iqtisadi problemləri həll olunacaqdır. Bu barədə nə deyə bilərsiniz?
- Bunlar hamısı keçmişdə qaldı. Keçmişdə olanları bərpa etmək perspektivsiz və mümkün olmayan işdir. Bir dövr bitdi, digəri başlandı. Bu, zamanın sərt həqiqətidir. Əlbəttə, adama ağır gəlir. Hesab edirsiniz ki, respublikanın o dövr üçün müasir sənayesini bilavasitə yaratmış atama ağır gəlmir? Həqiqətən ağır gəlir. Lakin Prezident kimi o, başa düşür ki, geriyə boylanmaqla uzağa getmək olmaz. Bazarın tələb etmədiyini bərpa mənasız iş, pulu havaya sovurmaqdır. Bax, buna görə də bu gün biz ölkənin yeni sənaye-istehsal bazasını sıfırdan yaradırıq.
- Yenidənqurma illərində belə bir sənədli film var idi - “Gənc olmaq çətindir”...
-Bəli, yadımdadır.
-Bəs Azərbaycanda gənclərin vəziyyəti necədir?
-Birnmənalı heç nə deyə bilmərəm? Desəm ki, yaxşıdır, o qədər də düzgün olmazdı. Desəm ki, pisdir, bu da tam dəqiq olmaz. Bilirsiniz, ən uğurlu, ən firavan yaşayan insanın da problemləri olur.
Əlbəttə, ölkədə çətinliklər var, lakin bu problemlər hec də təkcə gənc nəsil üçün səciyyəvi deyildir. İqtisadi problemlər mövcuddur. Şübhəsiz, nailiyyətlərimiz çoxdur, lakin problemlərimiz də çoxdur. Bir tərəfdən çətindir, ona görə ki, filmin çəkildiyi sovet dövründən fərqli olaraq, indi hər şey insanın özündən asılıqdır. Əgər sənin yaxşı təhsilin, biliyin varsa, yaxşı mütəxəssissənsə, onda Azərbaycanda 100 haldan 90-da özünə yer tapa biləcəksən.
Digər tərəfdən, əvvəllər hansısa sosial müdafiə var idi. Institutu bitirmiş gənc mütləq işlə təmin olunurdu. O zaman bəzən narazılıqlarını bildirirdilər ki, nə üçün məni oraya göndərirlər, onu isə başqa yerə? O dövrdə işə düzəlmək problemi yox idi. Indi belə deyildir. Bu gün hər şey səndən, bazardan, ölkədəki ümumi iqtisadi vəziyyətdən asılıdır.
- Azərbaycan güclü sosial dövlət olacaqmı?
- Düşünürəm ki, bəli, olacaqdır. Bilirsiniz, başlıcası odur ki, ələbaxımlıq əhval-ruhiyyəsi olmasın. Mən çox əziyyətlər çəkmiş yaşlı nəsli nəzərdə tutmuram. Biz ömrümüz boyu onlara borcluyuq. Onlar dəhşətli sınaqlardan keçmişlər. Mən başqa şeyi nəzərdə tuturam. 1994-cü ildə biz “Əsrin müqaviləsi”ni imzalayanda çoxu belə düşünürdü ki, aha, müqavilə imzalandı, pullar gələcək və hamı süd gölündə üzəcək. Heç kim əlini ağdan-qaraya vurmayacaq. Mən o zaman da dəfələrlə demişəm və indi də deyirəm: yalnız yaxşı işləyən kəs yaxşı yaşayacaqdır. Biz belə bir vəziyyətin yaranmasına yol verməməliyik ki, gənclər desinlər: mənim üçün heç nə etməyiblər, dövlət mənə kömək etmədi. Dövlətin vəzifələri olduqca çoxdur, dövlət xarakterli qayğılar çoxdur.
Hər kəsin dövlətin dəstəyinə və qayğısına ümid bəsləmək hüququ var, lakin ilk növbədə özünə, öz biliyinə, təcrübənə, bacarığına ümid bəsləməlidir. Güclü dövlətə gəldikdə isə, düşünürəm ki, olacaqdır. Çünki, iqtisadi inkişaf proqnozları belə deməyə imkan verir ki, Azərbaycanda sosial siyasət güclənəcəkdir. Hər şey yaxşı gedərsə, bizim bütün neft-qaz layihələrimiz həyata keçirilərsə, - düşünürəm ki, belə də olacaqdır, - güclənəcəkdir.
Azərbaycan çox zəngin dövlət olacaqdır. Təbii ki, zəngin dövlət öz vətəndaşları üçün zəngindir. Bunun üçün bütün əsas şərtlər var. Bizdə olan məlumatlara görə, 2005-2006-cı illərdən başlayaraq, neft layihələrinin gercəkləşdirilməsindən əldə edilən gəlir yüz milyonlarla dollar olacaqdır. 2007-ci ildən etibarən isə gəlir milyardlarla hesablanacaqdır. Bu, 8 milyon əhalisi olan ölkə üçün böyük puldur. Başlıcası odur ki, bundan səmərəli istifadə olunsun.
Qayaz Alimov
“İzvestiya-Azərbaycan” səhifələrinin materialları
“İntellekt” (Azərbaycan) tədqiqatlar mərkəzinin
iştirakı ilə hazırlanmışdır.
Şəkil sözləri:
Bakılı qız.
Seçəcəyim peşənin ustası olmaq istəyirəm
Biz birlikdəyik!