“Jewish Journal” nəşri: “Qərbdəki yəhudi icması təqiblərə məruz qalır”
Vaşinqton, 21 iyun, AZƏRTAC
Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayevin “Qərbdəki yəhudi icması təqiblərə məruz qalır” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda yəhudilərin Qərbdə və digər ölkələrdə sıxışdırılmasından, ümumiyyətlə antisemitizmdən bəhs edilir.
Müəllif yazır ki, Qərbdə yaşayan yəhudilər nasist ölüm düşərgələrindən azad ediləndən 74 il keçməsinə baxmayaraq, hələ də son onilliklərlə müqayisədə daha ağır vəziyyətdədirlər. Bu şokdoğurucu fakt cari ilin may ayında Təl-Əviv Universitetindəki Kantor Mərkəzi tərəfindən dərc edilmiş yeni məruzədə öz əksini tapıb. Antisemitizmlə bağlı zorakılıqdan bəhs olunan bu məruzədə göstərilir ki, 2018-ci ildə antisemit zorakılıq nəticəsində öldürülmüş yəhudilərin sayı əvvəlki onilliklərdə hər hansı il üzrə müvafiq göstəricidən çox olub.
Məruzədə Avropa müxtəlif ölkələrində, o cümlədən Almaniya, Belçika və Fransada yəhudilərə tolerant münasibətin olmaması və antisemitizm faktları göstərilir. Ermənistanda da antisemitizm ənənələrindən bəhs edilir. M.Yevdayev yazır ki, Ermənistanın hakimiyyət orqanları nasist kollaborasionist general Qaregin Njdeni milli qəhrəman elan edib və ona abidə ucaldıblar. Bundan əlavə, Yerevanda bir meydana və bir metro stansiyasına Njdenin adı verilib, Ermənistan məktəblərində Njdenin “irsi” şagirdlərə tədris edilir.
Vermaxtın bədnam “Erməni liqası”nın komandirlərindən biri olmuş Njde nasistlərlə əməkdaşlıq edib. Bu bölmə Krımda, Qafqazda və Fransanın cənubunda vuruşub. Törətdiyi hərbi cinayətlərə və nasistlərlə əməkdaşlıq etdiyinə görə Njde sovet məhkəməsi tərəfindən 25 il həbs cəzasına məhkum olunmuşdu. Njdenin nasistlərlə əməkdaşlığı kimi, onun “siyasi nəzəriyyələri” də iyrənc idi.
Nasist həmkarlarının ari irqinin üstünlüyü barədə nəzəriyyələrini təkrarlayan Njde insanları həqiqi millətçilərə və qarışıq qanlı adamlara bölürdü. Müəllif məqalənin sonunda yazır ki, kütləvi qətllər, çoxsaylı insanların qatillərinə heykəllər qoyulması, Hitlerin ideologiyasına oxşar siyasi nəzəriyyələr, hədə-qorxu sivil ölkələrə və sivil insanlara xas olan əlamətlər deyil.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton