“Judo Club 2012”nin gənc cüdoçuları uğurlarını artırırlar
Bakı, 5 noyabr, AZƏRTAC
Son illərdə respublikamızın idman həyatında fəallığı ilə diqqət çəkən “Judo Club 2012” öz uğurlarını davamlı olaraq artırır. Klubun yetirmələri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurla çıxış edərək parlaq qələbələr qazanırlar. Bu yaxınlarda klubun gənc cüdoçuları iki mötəbər beynəlxalq yarışdan Vətənə yüksək mükafatlarla qayıdıblar.
AZƏRTAC xəbər verir ki, klubun yetirməsi Nurlan Osmanov (66 kq) Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyində qüvvəsini sınayıb. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayan cüdoçumuz, müvafiq olaraq, Belarus, Macarıstan, İsveçrə və İtaliya idmançılarına qalib gələrək finala vəsiqə əldə edib. Gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada N.Osmanov rusiyalı rəqibi Murad Çopanova məğlub olaraq, qitə çempionatının gümüş medalı ilə kifayətlənib.
Azərbaycan cüdosunun ən gənc və istedadlı nümayəndələrindən olan Murad Fətiyevin (81 kq) Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirindəki uğurlu çıxışını da klubun diqqətəlayiq nailiyyətlərindən saymaq olar. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda cüdoçumuz bürünc medala sahib çıxıb. Mübarizəyə otuzikidəbir finaldan başlayan təmsilçimiz ilk mərhələdə Fransa, növbəti görüşdə isə Uruqvay idmançısını üstələyib. Lakin gənc cüdoçumuz səkkizdəbir finalda braziliyalı rəqibinə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan idmançımız bu mərhələdə Avstriya cüdoçusuna qalib gəlib. M.Fətiyev həlledici görüşdə italiyalı Andrea Regis üzərində də üstünlüyünü təmin edərək üçüncü yerin sahibi olub. Olimpiya ümidlərimizdən olan istedadlı cüdoçu bürünc medal qazanmaqla öz aktivinə 350 xal yazdırıb. O, hazırda dünya reytinqində 43-cü, Olimpiya reytinqində isə 36-cı pillədə qərarlaşıb.