JURNALİSTLƏR SƏNGƏÇAL TERMİNALININGENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİNİN GEDİŞİ İLƏ TANIŞ OLMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bp/ABƏŞ-in vitse-prezidenti Nil Şou jurnalistləri layihənin xülasəsi ilə tanış etmişdir. Faza-1 dəniz obyektləri üzrə layihənin direktoru Alan Dann, Faza-2 obyektləri üzrə layihə direktoru Kris Riz, sualtı boru kəmərlərinin mühəndis-layihə işləri üzrə meneceri Con Jerzak rəhbərlik etdikləri sahələr üzrə işlərin gedişi barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, genişləndirmə proqramı ilə 3000-dən artıq adam məşğuldur. Nəzərdə tutulan tədbirlər cədvələ uyğun olaraq həyata keçirilir və indiyədək işlərin 98 faizi yerinə yetirilmişdir. İstismar sınaqları yaxşı gedir. “Mərkəzi Azəri” yatağından boru kəməri çəkilməsi başa çatıb. Bu zaman 284 gün ərzində 370 kilometr məsafəyə boru düzülüb, 30 min ədəd boru qaynaqlanıb. “Şahdəniz” yatağından çıxarılacaq qazla əlaqədar tikinti işlərinin 35 faizi tamamlanıb, “Qərbi Azəri” yatağının obyektlərində işlərin 63 faizi, “Şərqi Azəri”nin obyektlərində isə 31 faizi görülüb. Görüşdə sosial proqramların həyata keçirilməsindən də geniş danışılmışdır. Bu sahədə 27 layihə yerinə yetirilmişdir, 12 layihə reallaşdırılır, daha 7 layihə isə işlənmə mərhələsindədir.
Jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.
KİV nümayəndələri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin baş nasos stansiyasında, “Şahdəniz” yatağından çıxarılacaq qazı qəbul etmək üçün qurğuların tikildiyi ərazidə də olmuşlar.