K. MORCAN: “MƏCBURİ KÖÇKÜNLƏRİ İMTİYAZLARDAN MƏHRUM ETMƏK OLMAZ”
“Əsas məqsədimiz azərbaycanlı məcburi köçkünlərin tezliklə yurd-yuvalarına qayıtmasına nail olmaqdır. Onların ağır həyat şəraiti müqabilində statusları barədə limit tətbiq etməklə bu adamları imtiyazlardan məhrum etmək yol verilməzdir”. Bu sözləri BMT-nin Qaçqnlar üzrə Ali Komissarının müavini Kamel Morcan AZƏRTAC-ın müxbirinin qaçqınların statusunda məhdudiyyətlərlə bağlı sualını cavablandırarkən demişdir. Morcan həmçinin bildirmişdir ki, məcburi köçkünlər üçün 8 illik limit tətbiq etmək düzgün deyil. Əsas məqsəd limit tətbiq etməklə onları imtiyazlardan məhrum etmək yox, qaçqınlığa və məcburi köçkünlüyə şərait yaradan səbəbləri aradan qaldırmaqdır. BMT QAK heç vaxt azərbaycanlı məcburi köçkünlərə limit tətbiq edilməsinə razı olmaz. Ümid ediriəm ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi həll olunacaq və biz məcburi köçkünlərin öz torpaqlarına qayıtmasında Azərbaycan hökumətinə lazımi köməklik göstərəcəyik. Bu gün Azərbaycan hökumətinin başqa ölkələrdən gəlmiş məcburi köçkünlərə öz ölkəsində sığınacaq tapmasına imkan yaratması Ali Komissarlıq tərəfindən yüksək qiymətləndirilir. Komissarlıq bu siyasəti alqışlamaya bilməz və təşkilatla Azərbaycan arasında əməkdaşlıq bu gündən sonra da inkişaf edəcəkdir.