KAMİLLA ƏBDÜQƏDİROVANIN ÜÇ “QIZILI”
Kamilla Əbdüqədirova Bakıda başa çatmış tennis üzrə açıq Azərbaycan çempionatında üç qızıl medal qazanaraq, həqiqətən, bu çempionatın qəhrəmanı olmuşdur.
AZƏRTAC xəbər verir ki, son bir neçə ildə Bakıda yaşayan və məşq edən bu özbəkistanlı gənc idmançı qadınların təkbətək turnirində final mərhələsində Lalə Şabanova ilə mübarizədə çox asanlıqla qalib gəlmiş, sonra Fərəh Quliyeva ilə birlikdə qoşa yarışlarda bütün rəqiblərini üstələmiş, qarışıq yarışlarda isə Gürcüstan tennisçisi Konstantin Burçeladze ilə birlikdə çempion olmuşdur.
Kişilər arasında birinci mükafatın taleyini Rüstəm və Ramin Hacıyev qardaşları həll etmişlər. Azərbaycan yığma komandasının üzvü olan bu gənclər İspaniyada Tennis Akademiyasında məşq edirlər. Turnirdə ən güclü iştirakçılar hesab edilən Hacıyev qardaşları asanlıqla final mərhələsinə çıxmış və burada Rüstəm qalib gəlmişdir. Üçüncü yeri “Leyla” idman-texniki klubunun yetirməsi bakılı Timur Qafarov tutmuşdur. Hacıyev qardaşları kişilərin qoşa yarışlarında da hamıdan güclü olduqlarının sübut etmişlər.
“Gənclik” idman-tennis kortlarında keçirilmiş çempionat başa mövsümün son yarışı idi. Yarışların baş hakimi və ölkəmizin qadınlardan ibarət yığma komandasının kapitanı (baş məşqçisi) Tatyana Adulhaqova demişdir ki, Azərbaycan Tennis Federasiyası bu həftədən başlayaraq Azərbaycan tennisçilərinin fərdi reytinqini tətbiq etmişdir. Burada bizim idmançıların 2007-ci il mayın 16-dan bəri göstərdikləri nəticələrin hesabı aparılacaqdır. Bu reytinq Avropa dövlətlərinin çoxsaylı federasiyalarının və beynəlxalq qurumların təcrübəsi əsasında tərtib edilmişdir. Araşdırmalarımızın nəticələrini Beynəlxalq Tennis Federasiyasına göndərmişik. Orada layihə bəyənilmişdir. Gələn il bizim reytinq üçün bir növ sınaq dövrü olacaqdır və əgər bu sistem özünü doğrultsa, o, Azərbaycan tennisçilərinin rəsmi reytinqinə çevriləcəkdir.
Sonrakı illərdə Azərbaycanın yığma komandası bu reytinq əsasında yaradılacaqdır.